Xəbəri Kokpitdə Oxuyun!

Ford hər şeyə hazırdır

Ford-un baş direktoru Cim Farli 2026-cı ildən etibarən Red Bull Powertrains ilə qurulacaq mühərrik tərəfdaşlığı çərçivəsində, üzərlərinə düşəcək böyük məsuliyyəti qəbul etdiklərini və bu təzyiqi müsbət qarşıladıqlarını bildirib.

Kokpit.az xatırladır ki, Red Bull mövsümün sonunda Honda ilə yollarını ayıracaq və 2026-cı ildən etibarən Ford ilə birlikdə öz güc qurğularını təqdim edəcək.

Cim Farli Sky Sports F1-ə verdiyi açıqlamada Ford-un Formula 1-ə qayıdışında qarşılaşacağı çətinlikləri yaxşı bildiyini deyib: “Biz yalnız Loren və komandasını dəstəkləmək üçün nələr etməli olduğumuzu deyil, həm də şirkətimizin tarixini və Formula 1-ə verdiyi töhfəni çox yaxşı bilirik. Təzyiq yalnız ilk yarışda olmayacaq. Biz bunu hər gün, hər həftə və uzun illər ərzində hiss edəcəyik. Buna hazırıq”.

Red Bull komandasının rəhbəri Loren Mekis də əməkdaşlığın hər keçən gün gücləndiyini vurğulayıb: “Birlikdə daha çox işləyirik, beyin fırtınaları intensivləşib. Özümüzü inkişaf etdirə biləcəyimiz yeni sahələr tapırıq. Qarşımızdakı çətinliyin böyüklüyü nəzərə alındıqda bu, bizim üçün vacibdir. Cimin də dediyi kimi, məsələ yalnız ilk test gününə qədər deyil. Ondan sonra da bir-birimizi təkmilləşdirməyə davam edəcəyik”.

Ford-un Formula 1 tarixi çox zəngindir. Şirkət Cosworth ilə birgə hazırladığı DFV mühərriki ilə 1967–1983-cü illər arasında 155 Qran Pri qələbəsi, 13 sürücülər və 10 komandalar çempionluğu qazanmışdı.

Yeni tərəfdaşlığın ilk ilində qələbənin real gözlənti olub-olmaması sualına isə Farli belə cavab verib: “Bu bizim ilk təcrübəmiz deyil. Formula 1-də əvvəllər də olmuşuq. Əmin olduğum şey odur ki, indiyə qədər bacardığımızın ən yaxşısını etdik. Əsas məsələ yalnız ilk yarışlar deyil, həm də şassi və digər sahələrdə öyrəndiklərimizə nə qədər tez reaksiya verə bilməyimizdir. Biz bunu Ford-da yaxşı anlayırıq. 180 min əməkdaşımız var və hamısı bilir ki, bu layihə şirkətin ən yüksək səviyyəli təşəbbüsüdür. Biz əlimizdə olan hər şeyi ortaya qoyacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et