Xəbəri Kokpitdə Oxuyun!

Titulun taleyi Bakıda həll olunacaq?

Azərbaycan Qran Prisi gələn həftəsonu bir ilkə şahidlik edə bilər.

2025-ci il mövsümündə McLaren komandasının hegemonluğu davam edir – artıq 16 yarışdan sonra Lando Norris və Oscar Piastri birlikdə 12 qələbə qazanıblar. Artıq demək olar ki, heç kim mövsümün sonunda Mühəndislər Kubokunun Vokingə gedəcəyinə şübhə etmir.

“Narıncılar” 10-cu komandalar çempionluğunu gələn həftəsonu paytaxtımızda keçiriləcək Azərbaycam Qran Prisində rəsmiləşdirə bilər.

Amma rəsmi olaraq titulun təmin olunması üçün Bakıda müəyyən şərtlər yerinə yetməlidir:

Ferrari ilə fərq: Hazırda McLaren çempionatda “qırmızılar”ı 337 xalla qabaqlayır. Azərbaycan Qran Prisindən sonra (sprintlər də daxil olmaqla) toplanası  346 xal qalacaq. Deməli, Bakıda McLaren pilotları Ferrari-yə nisbətən 9 xal çox qazanmalıdırlar.

Mercedes və Red Bull-un şansları

McLaren çempion olmaq üçün Mercedes-dən 12, Red Bull-dan isə 33 az toplamamalıdır.

Bu şərtlər yerinə yetirilərsə, McLaren 2025-ci ilin Mühəndislər Kubokunu Bakı Şəhər Halqasında rəsmiləşdirəcək. Özü də mövsümün bitməsinə 7 yarış qalmış. Bu, əvvəlki rekordu da yeniləyəcək: Belə ki, Red Bull 2023-cü ildə çempionluğu mövsümün bitməsinə 6 yarış qalmış təmin etmişdi.

Belə olan halda Azərbaycan Qran Prisi də bir ilkə şahidlik edəcək – belə ki, ilk dəfə titulun taleyi Bakı Şəhər Halqasında həll olunacaq.

Rauf Hacıyev

Şərh əlavə et