Xəbəri Kokpitdə Oxuyun!

F1 French Bloom ilə tərəfdaşlığa başlayıb

Formula 1 tarixində ilk dəfə rəsmi alkoqolsuz şampan olacaq. Bu içki French Bloom markasına məxsusdur. Brend Moët Hennessy şirkətinə, o da öz növbəsində Fransanın nəhəng korporasiyası LVMH-a aiddir. Qeyd edək ki, LVMH ilə Formula 1 arasında sıx əməkdaşlıq mövcuddur.

Mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən və 2022-ci ildə World Sparkling Awards müsabiqəsində birincilik qazanan French Bloom artıq Formula 1-in Paddock Club məkanında və qonaq zonalarında təqdim ediləcək.

İçki Fransada üzvi şardone üzümlərindən hazırlanır və xüsusi texnologiya ilə alkoqoldan təmizlənir. Onun menyuya əlavə olunması, xüsusilə gənc nəsil arasında alkoqol qəbul etməyənlərin sayının artması ilə izah olunur.

Formula 1-in rəsmi bəyanatında deyilir: “French Bloom – fərqli seçim edənlər, müxtəlifliyi qiymətləndirənlər və gələcəyi öz qaydaları ilə formalaşdıranlar üçündür”.

Formula 1-in kommersiya direktoru Emili Preyzer isə bildirib: “Biz French Bloom-un Formula 1 ailəsinə qoşulmasına çox şadıq. Bu, Moët Hennessy brendləri ilə əməkdaşlığımızı daha da gücləndirəcək və qonaq zonalarında təqdim edilən içkilərin çeşidini daha da zənginləşdirəcək”.

Rauf Hacıyev

Şərh əlavə et