Xəbəri Kokpitdə Oxuyun!

Cadillac rəhbərliyi seçimdən razıdır!

Cadillac Formula 1 komandası 2026-cı ildə debüt edəcəkləri heyətlərini rəsmi olaraq açıqlayıblar. General Motors-un dəstəklədiyi layihədə təcrübəli pilotlar Valtteri Bottas və Serxio Peres start alacaqlar.

Komanda əvvəl gənc sürücülər Felipe Druqoviç və Cek Krouford kimi pilotlarla danışıqlar aparsa da, rəhbərlik adaptasiya prosesini sürətləndirmək üçün təcrübəyə üstünlük verib. İki pilot birlikdə 16 qələbə, 100-dən çox podium və 500-dən artıq Formula 1 startı ilə zəngin karyeraya malikdir.

Komandanın rəhbəri Qrim Loudon seçim barədə belə danışıb: “Bottas və Çeko kimi təcrübəli iki pilotun heyətimizdə olması bizim niyyətimizi göstərən cəsarətli bir addımdır. Onlar hər şeyi görüblər və F1-də uğurlu olmağın nə demək olduğunu yaxşı bilirlər. Daha önəmlisi, bir komanda qurmağın dəyərini də anlayırlar. Onların liderliyi, geribildirimləri və yarış instinktləri bu layihə üçün ölçülməz dəyər daşıyır. Mercedes-ə də əməkdaşlığı üçün təşəkkür edirik”.

TWG və Cadillac F1-in İdarə Heyətinin Rəhbəri Dan Touris isə əlavə edib: “Bottas və Çeko istedad, yetkinlik və iradənin mükəmməl balansını təmsil edirlər. Onlar təkcə sürücülükdə uğurlu deyil, həm də komanda qurmaq və əməkdaşlıq etməkdə nümunədirlər. Cadillac Formula 1 Komandasının kimliyini formalaşdıracaqlar. Bu sadəcə heyət açıqlaması deyil, Amerika avtoidmanında cəsarətli bir dövrün başlanğıcıdır”.

GM prezidenti Mark Roys isə yeni heyəti dəstəkləyərək bunları söyləyib: “Yeni pilotlarımız Cadillac ailəsinə böyük güc qatdı. Hər biri təcrübəsi və qələbə əzmi ilə seçilir. Birlikdə Cadillac, GM və Formula 1 üçün möhtəşəm bir irs inşa edirik”.

Cadillac 2026-cı il mövsümündə Formula 1-in 11-ci komandası olaraq peletonda yerini alacaq və təcrübəli pilotları ilə iddialı debüt hədəfləyir.

Rauf Hacıyev

Şərh əlavə et