Xəbəri Kokpitdə Oxuyun!

Brembo-nun mütəxəssisi 2026 bolidlərindən danışıb

Hazırda Formula 1 komandaları bazalarında yeni nəsil nəsil bolidlərə keçid üçün hazırlıqları davam etdirirlər. Lakin bu işlərin necə getdiyi, mühəndislərin hansı maraqlı həllər üzərində çalışdığı barədə məlumatlar demək olar ki, yoxdur.

The Race nəşri bu mövzuda ənənəvi olaraq Formula 1 komandalarına əyləc sistemləri təchiz edən məşhur italyan şirkəti Brembo-nun müştərilərlə iş şöbəsinin rəhbəri Andrea Aldjeri ilə danışıb. O, bəzi maraqlı tendensiyalara aydınlıq gətirib.

2026-cı il maşınlarında tamamilə yeni arxa əyləclər quraşdırılacaq. Bu, daha effektiv hibrid güc qurğularından irəli gəlir. Çünki onların elektrik hissəsi ümumi gücün təxminən 50 faizini təşkil edəcək və yeni daxiliyanma mühərrikləri qədər enerji hasil etməlidir.

Brembo mütəxəssisləri bütün komandalarla sıx əməkdaşlıq edir və yeni maşınların hazırlanma prosesindən ümumi mənzərəni izləyirlər. Bəzi hallarda isə onlardan arxa əyləcləri maksimum dərəcədə kiçiltmək tələb olunub.

Andrea Aldjeri: “Fərqli komandalar fərqli yanaşmalar seçir. Əsas fərqlər arxa əyləclərlə bağlıdır. Çünki arxa ox həm güc qurğusunun quruluşuna, həm də enerji rekuperasiya sistemlərinə təsir edir. Bu isə komandaların strategiyasına birbaşa bağlıdır. Bizdən müəyyən parametrlərə uyğun əyləc hazırlamağımız istənilir, amma niyə məhz həmin göstəricilərə nail olmaq istədiklərini hər zaman anlamırıq. Görünür, çox ağıllı həllər var, amma əgər hesablamalar səhv çıxsa, ilk testlərdən sonra bütün sistemi yenidən işləmək lazım gələcək”.

Onun sözlərinə görə, bəzi komandalar arxa əyləc disklərinin ölçüsünü xeyli kiçiltmək istəyirlər: “Disklərin diametri indiki ilə müqayisədə daha balaca olacaq, həm də qalınlıq azalacaq. Bu isə ya arxa oxun demək olar ki, əyləcləmə prosesində iştirak etməyəcəyi ya da yalnız müəyyən hallarda işə qoşulacağı deməkdir”.

2026-cı il texniki reqlamenti əyləc disklərinin minimum qalınlığını göstərmir, yalnız maksimum qalınlıq (34 mm) müəyyənləşdirilib. Ön disklər üçün minimum diametr 325-345 mm, arxa üçün isə 260-280 mm olacaq. Bundan başqa, reqlament əyləc sistemlərinin effektivliyinə dair dəqiq göstəricilər qoyur: hər təkərdə əyləc gücü minimum 2500 Nm olmalıdır və bu, güc qurğusunun və ya MGU-K-nın iştirakı olmadan təmin edilməlidir.

Aldjeri əlavə edib ki, əyləcləmə xarakteri müxtəlif komandaların maşınlarında çox fərqli olacaq: “Bəzi döngələrdə maşın yalnız digər sistemlərin köməyi ilə yavaşıyacaq, əyləclərdən istifadə edilməyəcək. Amma elə döngələr də olacaq ki, əyləclərə maksimum yük düşəcək. Buna görə də parametrlərdə çox geniş diapazon gözlənilir”.

Bu isə Brembo mütəxəssislərini material seçiminə xüsusi yanaşmağa vadar edir: “Əyləclər həm yüksək yüklərə tab gətirməli, həm də tez qızmalı olacaq. Çünki onlar daha az istifadə ediləcək, bəzi hallarda soyuma riski yaranacaq. Bu problemi həll etmək üçün Formula E-dən topladığımız təcrübədən istifadə edirik. Orada da oxşar yanaşma var. Maşın əsasən elektromotor və rekuperasiya sistemləri hesabına yavaşıyır”.

Aldjeri qeyd edib ki, trasdan trasa fərqli mənzərə yaranacaq: “Məsələn, Sinqapur kimi yavaş traslarda rekuperasiya çox aktivdir, tormozlardan da daha sərt istifadə olunur. Amma Silverstounda əsas iş qaz pedalına düşür, əyləclərin rolu isə xeyli azalır. Hətta elə vəziyyət ola bilər ki, ilk döngədə əyləc temperaturu çox aşağı olsun və onlar effektiv işləməyə hazır olmasın. 2026-cı ilə hazırlıqda cavab axtardığımız əsas suallardan biri də budur”.

Rauf Hacıyev

Şərh əlavə et