Xəbəri Kokpitdə Oxuyun!

Britaniyada yaşlı qadın McLaren udub

62 yaşlı Rebekka Frensis Formula 1-in böyük pərəstişkarıdır və xüsusilə McLaren pilotu Lando Norrisə xüsusi simpatiya bəsləyir. Ola bilsin, elə buna görə də o, ilk dəfə olaraq xeyriyyə məqsədli lotereyada iştirak etməyə qərar verib. Əsas uduşlardan biri isə McLaren Artura Spider idman avtomobili olub.

Frensisin bəxti üzünə gülüb: o, cəmi 10 funt sterlinqə aldığı bilet ilə dəyəri təxminən 250 min funt olan avtomobili qazanıb. Bu hekayəni The London Standard qəzeti yayıb.

Bu il ikinci dəfə nənə olan Rebekka Frensis İngiltərənin Berkşir qraflığının Askot şəhərində yaşayır. Məşhur Royal Ascot at yarışları da hər il məhz orada keçirilir. Onun  evindən sevimli komandası McLaren-in bazasına isə cəmi yarım saatlıq məsafə var.

Yeni, göy rəngli avtomobilində ilk dəfə gəzintiyə çıxan Frensis hisslərini belə bölüşüb:

“Elə bil Lando Norrisin yaşadığı hissləri mən də yaşadım. Mən bu maşının yanında dayanmışam, amma hələ də buna inana bilmirəm. Baş verənlər sadəcə inanılmazdır! Mən əsl fanatam, Formula 1-i sevirəm, sürətli maşınlar məni valeh edir”.

Lotereyanın təşkilatçıları isə ona avtomobili təqdim etmə mərasimini əsl şouya çeviriblər. Tədbirə Tessa Uittok drift ustası və Hollivudun peşəkar kaskadyoru Tessa Uittok da dəvət olunub. O, McLaren-in imkanlarını xanım Frensisin gözləri qarşısında nümayiş etdirib.

Rebekka heyranlıqla əlavə edib: “Heç vaxt belə bir şey yaşamamışdım. Özümü elə bil Maks Ferstappen kimi hiss etdim… Yox, daha doğrusu Lando Norris kimi, çünki mən McLaren-in içində idim!”

Hisslərin güclü olmasına səbəb isə həm də avtomobilin texniki xüsusiyyətləridir: üstü açılan bu model cəmi 3 saniyəyə 100 km/saat sürət yığır.

Amma xoşbəxt qalib bu möhtəşəm avtomobili özündə saxlamağı düşünmür. O, maşını satmağı planlaşdırır, çünki ailəsi üçün pula daha çox ehtiyac var. Amma bu, artıq başqa hekayədir…

Rauf Hacıyev

Şərh əlavə et