Mercedes-in texniki direktoru Ceyms Əllison Auto Motor und Sport-a müsahibəsində hazırkı bolidlərin əsas xüsusiyyətlərini 2026-cı ildən qüvvəyə minəcək yeni texniki reqlament ilə müqayisə edib.
Ceyms Əllison: “Yeni maşınlarda mərkəzi hissədə pilləli düz altlıq olacaq. Belə altlığın kənarları indiki maşınlardakı kimi trasa sıx ‘yapışmayacaq’. Venturi effekti daha az nəzərə çarpacaq, buna görə də altlığın altındakı aşağı təzyiq zonasını sabit saxlamaq çətinləşəcək.
Amma bu maşınlar 2022-ci ildən əvvəlki dövrün bolidlərinə bənzəməyəcək. Onlar əvvəlki və indiki arasında ara yerdə olacaq. 2026-cı il bolidləri daha az asfaltayatma qüvvəsi yaradacaq, daha dar təkərlər isə ilişməni azaldacaq. Bunun əvəzində isə aerodinamik paketin səmərəli işlədiyi sazlanma diapazonu genişlənəcək. Buraya bolidin hündürlüyü də daxildir”.
Əllison qeyd edib ki, güc qurğusunun ümumi gücü artacaq. Hesablamalara görə, daxili yanma mühərrikinin gücü 575 at qüvvəsi olacaq, hibrid sistem isə 475 at qüvvəsi verəcək. Nəticədə Formula 1 tarixində indiyədək görünməmiş motor dövrləri təmin olunacaq.
Yeni maşınlar döngələri daha yavaş keçəcək, lakin aktiv aerodinamika sistemləri sayəsində düzlüklərdə ön və arxa qanadların hücum bucaqları azaldılacaq və maksimal sürət artacaq. Simulyator hesablamaları da bunu göstərir.
Mercedes-in rəhbəri Toto Volff bunu təsdiqləyib: “Güc qurğusu maksimum rejimdə işləyəndə sürət 400 km/saat həddinə yaxınlaşır”.
Aston Martin-in test və ehtiyat sürücüsü Felipe Druqoviç isə gələcəyin bolidlərini simulyatorda sınadıqdan sonra təəssüratlarını belə bölüşüb:“Döngədən çıxanda maşın inanılmaz dərəcədə sürətlənir. Elə bil raketdir”.
Bununla belə, Ellison bəzi pilotların “bu maşınları idarə etmək maraqsızdır” fikri ilə razılaşmayıb: “Onları idarə etmək indiki bolidlərdən daha xoş olacaq. Çünki sürətli və yavaş döngələrdə balans dəyişiklikləri o qədər kəskin olmayacaq. Sürücü istədiyi anda həm altdan, həm də üstdən sürüşməni idarə etməkdə çətinlik çəkməyəcək”.
Ona Williams-ın rəhbəri Ceyms Vaulz da qoşulub: “Yeni maşınları yalnız bir dəfə sınayan sürücülərə qulaq asmayın. Beş dəfə sınayanların dediklərinə qulaq asın!”
Druqoviç əlavə edib: “Döngələrdə sürmək daha əyləncəli olub, çünki güc qurğusunun elektrik hissəsi daim fırlanma anı verir. Amma düzlüklərin ikinci yarısında gücün kəskin azalmasına öyrəşmək lazım olacaq”.
Qeyd edək ki, 2026-cı il reqlamenti üzərində iş hələ başa çatmayıb. FIA komandalarla birlikdə mühəndislərin və sürücülərin fikirlərini nəzərə alaraq sənəddə müxtəlif düzəlişlər etməyə davam edir.
Şərh əlavə et