Ford və Red Bull gələn mövsüm üçün birgə mühərrik hazırlayır. Ford Performance Motorsport-un rəhbəri Mark Raşbruk verdiyi açıqlamada prosesin gedişatı barədə danışıb.
Mark Raşbruk: “Biz Formula 1-ə gələndə əsas məqsədimiz hibrid güc qurğusunun elektrik hissəsi – akkumulyatorın kimyası, mühərriklər, invertorlar, kalibrləmə, idarəetmə və daxiliyanma mühərriki ilə qarşılıqlı əlaqə barədə daha çox öyrənmək idi. Yalnız yanacaq sərfiyyatını yaxşılaşdırmaq üçün təcrübə qazanmaq istəyirdik və daxiliyanma mühərriklərinin hazırlanmasında iştirak etmək planımız yox idi. Amma indi artıq bu prosesdə də varıq və Red Bull-a detalların istehsalında yardım edirik. Hazırda maşının yaradılması prosesinin demək olar ki, bütün mərhələlərində iştirak edirik.
Jaguar adı ilə Formula 1-də istehsalçı komanda kimi çıxış edərkən bu sahədə kifayət qədər təcrübəmizin olmadığını başa düşmüşdük. İndi isə çox güclü və təcrübəli tərəfdaşımız var. Bizim üçün Red Bull-la əməkdaşlıq böyük şans oldu, çünki onlar da 2026-cı ildən etibarən öz güc qurğularını hazırlamağa qərar vermişdilər, amma yalnız öz resursları ilə bunun öhdəsindən gələ bilməyəcəklərini yaxşı anlayırdılar.
Formula 1-ə qayıtmaq üçün çox səbəblərimiz var idi: yeni texniki reqlament, karbon neytrallığına nail olmaq, yeni yanacaq növlərinin tətbiqi, idmanın artan populyarlığı.
Əlbəttə, rəqiblərin addımlarını da izləyirik. 2026-cı ildə Cadillac Formula 1-də olacaq, amma Ferrari mühərrikləri ilə. Biz səbirsizliklə həm onlarla, həm də bütün digər rəqiblərlə mübarizəyə qoşulacağımız günü gözləyirik”.
Şərh əlavə et