Xəbəri Kokpitdə Oxuyun!

Şumaxer yoxsa Həmilton? Kim güclü idi?

Williams komandasının rəhbəri Ceyms Voulz Mercedes-də həm Mixael Şumaxer, həm də Lyuis Həmilton ilə işlədiyini, lakin Həmiltonun daha təbii və istedadlı bir pilot olduğunu bildirib.

Kokpit.az xatırladır ki, Voulz Mercedes-in keçmiş strategiya rəhbəri olub və o, Braklidə Formula 1-in ən böyük pilotları ilə çiyin-çiyinə çalışıb. O, burada komanda ilə 8 titul qazanan Toto Volffla yanaşı yeddiqat Dünya Çempionları Mixael Şumaxer və Lyuis Həmilton ilə işləyib.

Ceyms Voulz: “Mixael ən istedadlı sürücü deyildi. Bunu daha əvvəl də demişəm. Ən istedadlı sürücü Lyuis idi.

O, həmişə əlavə millisaniyəni necə tapacağını bilirdi. Bu, doğuşdan gələn istedaddır. Hələ ilk sərbəst yürüşlərdə belə, demək olar ki, sükanın bütün sazlanmalarını dəyişirdi”.

Məsələn, Braziliyadakı sərbəst yürüşlərdə ona “7-ci ötürücüdə qal” deyirdik. O anda Niko (Rosberq) bizdən istəniləni tam yerinə yetirirdi.

Amma Lyuis “Bu düzgün gəlmir” deyərək 6-cı ötürücüyə keçdi və orada düz 0.1 saniyə qazandı. Niko bunu yalnız sessiyanın sonunda məlumatlardan görə bildi.

Lyuis bolidi yaxşılaşdırmaqda əsl ustaddır. Məlumatları yalnız başlanğıc nöqtəsi kimi istifadə edir, amma onun çox yüksək hissiyatı var idi. O, sərhədləri araşdırmaqdan çəkinmir.

Məsələn, karyerasının əvvəlində onu tez-tez birinci döngədə trasdan çıxarkən görürdünüz, çünki həmişə əyləcin maksimum sərhədini yoxlayırdı, bu da bəzən dövrəsini puç edirdi”.

Voulz Həmiltonun illər ərzində böyük bir dəyişiklik keçirdiyini də vurğulayıb: “Amma 2013-cü ildən bu günə qədər onun necə yetişdiyini görmək olar. Artıq hər dövrəni tamamlayır.

Yarış zamanı zehni təcrübəni necə faydaya çevirməyi öyrənib.

O, mükəmməlçi pilotdur. Əyləcləmə onun güclü tərəfi idi. Hər şeyin həddini maksimum istifadə edirdi. Sonra deyirdi ki, ‘Artıq avtomobilin sərhədlərini tanıyıram’ və oradan tempini tuturdu”.

Bu sözlərlə Voulz Həmiltonun təbii istedadı ilə yanaşı, illər içində qazandığı peşəkarlığın onu zirvəyə daşıdığını xüsusi olaraq vurğulayıb.

Rauf Hacıyev

Şərh əlavə et