Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Kardile Aston Martin-də işə başlayıb

Ferrari-nin keçmiş texniki direktoru Enriko Kardile uzun müddət davam edən məcburi məzuniyyətin ardından Aston Martin-də baş texniki direktor (CTO) vəzifəsinin icrasına rəsmi olaraq başlayıb.

Kardilenin Aston Martin-ə keçidi və komanda rəhbəri Endi Kouelin tabelyində işləyəcəyi keçən ilin iyul ayında açıqlanmışdı. Lakin bu transfer Ferrari ilə hüquqi qarşıdurmaya səbəb olmuşdu.

Ferrari hüquqi addım atmışdı

Ferrari komandası Kardilenin digər komandaya keçməsinə maneə yaradan “rəqabət qadağası” maddəsinin pozulduğunu iddia edərək, İtaliyada hüquqi proses başlatmışdı. Şirkət, onu bir illik tam məcburi məzuniyyətə göndərmiş və bu müddət ərzində Aston Martin-lə əlaqəyə keçdiyini irəli sürərək Modena Məhkəməsinə müraciət etmişdi.

Apreldə məhkəmə Ferrari-nin iddiasını haqlı hesab edərək, Aston Martin-in Kardileni vəzifəyə başlatmasını müvəqqəti olaraq qadağan etmişdi. Lakin artıq bu məsələ tam şəkildə həll olunub.

Aston Martin: “Artıq rəsmi olaraq bizimlədir”

Aston Martin bazar ertəsi yaydığı rəsmi açıqlamada Kardilenin Silverstoundakı bazada CTO olaraq işə başladığını açıqlayıb.

Aston Martin: “Bu məsələ həll olundu və Enriko artıq rəsmi şəkildə bizimlə birgə çalışmağa başladığı üçün çox məmnunuq.

2026-cı il və sonrası üçün komandamızı formalaşdırırıq və Enriko artıq AMR Texnologiya Düşərgəsində dizayn və texniki bölmələrin lideridir”.

Adrian Nyuvi ilə çiyin-çiyinə çalışacaq

Qeyd edək ki, Enriko Kardile bu il Aston Martin-ə qatılan əfsanəvi dizayner Adrian Nyuvi ilə birlikdə işləyəcək. Bu ikilinin texniki tərəfdə komandanı yeni dövrə daşıması gözlənilir.

Bu dəyişikliklərlə Aston Martin-in 2026-cı ildə qüvvəyə minəcək yeni texniki reqlamentlərə daha hazırlıqlı olması və ön sıralara qayıtması hədəflənir.

Rauf Hacıyev

Şərh əlavə et