Xəbəri Kokpitdə Oxuyun!

F1-in Təhlükəsizlik Naziri – Maylanderi tanıyaq

Formula 1-də diqqət mərkəzinə həmişə pilotlar düşür. Lakin Formula 1-in uzun illərdir dəyişməz bir qəhrəmanı var. Yarışlardan əvvəl trası təftiş edir, yarış vaxtı bir problem yaşananda hamı onu axtarır. Qarşınızda F1-də uzun illərdir “Təhlükəsizlik Naziri” işləyən Bernd Maylander!

Artıq 26-cı mövsümdür ki, Formula 1-də təhlükəsizlik avtomobilini idarə edən almaniyalı Bernd Maylander karyerası, sevdiyi traslar və Mixael Şumaxeri maşınına necə mindirdiyi barədə danışıb.

Kartinqdən GT seriyasına qədər

Bernd Maylander deyir ki, uşaq vaxtı yarışlarda iştirak etməyib: “Kartinqi atamla birlikdə ailəvi hobbiyə çevirmişdik. Yarışçı olmaq fikrim yox idi. Amma bu idmanı çox sevirdim, maşını necə sazlamağı, qaydaları öyrənirdim”.

Sonra ona Formula Ford 1600-də şans verilib və bir ildən sonra GT maşınlarına keçib. 1994-cü ildə Porsche Carrera Cup Germany turnirinin qalibi olub, bir neçə il də DTM-də yarışıb.

FIA ilə yol ayrıcında – təhlükəsizlik maşınına keçid

1990-cı illərin sonlarında FIA-nın yarış direktoru Çarli Vaytinq ona təhlükəsizlik avtomobilini sürməyi təklif edir: “O vaxt bu vəzifədə iki sürücü var idi. Mən bu işə tez uyğunlaşdım. Yarışı qazanmasan da, həmişə birinci gedirsən!”

Bernd trasda olarkən yarışı idarəetmə mərkəzinə canlı məlumat verir, su toplanması və təhlükəli yerlər barədə ilk siqnalları onlara ötürür: “Televizorda sadəcə yağış görünür, amma mən maşının akvaplaninq etdiyini dərhal hiss edirəm”.

Pilotlar niyə şikayət edir?

Bəzən pilotlar onun çox yavaş sürdüyünü deyir: “Buna səbəb olur. Bəzən onları bir yerə toplamalıyam, bəzən də onlar bilmirlər ki, trasda harada marşallar işləyir”.

Simulyator yoxdur – trasları əzbər tanıyır

“Simulyatorumuz yoxdur. Klassik trasları onsuz da tanıyıram. Yeni traslara gedəndə əvvəlcə xəritəyə baxıram, sonra cümə axşamı səhər sistem testləri zamanı çoxlu dövrə vururam”.

Sevimli traslar və Mixael Şumaxerlə unudulmaz xatirə

Mayländerin ən sevdiyi traslar: Suzuka, San-Paulu, Monako və Silverstoun.

Ən unudulmaz anlardan biri – 2000-ci ildə Almaniya Qran Prisində baş verib: “Mixael Şumaxerin Ferrari-si ilk döngədə sıradan çıxdı. O, maşından düşdü, amma paddoka qayıtmaq istəmədi. Mənim köməkçim maşından düşəndə – o zaman bu qaydalar hələ yox idi – mən Şumaxeri maşınıma mindirdim. Bir neçə həftədən sonra o, Dünya Çempionu oldu”.

Rauf Hacıyev

Şərh əlavə et