Məşhur fransız sürücü bildirib: “Qudvud Festivalında McLaren-in müxtəlif dövrlərinə aid maşınlarını sürmək mənə nəsib olub – biri 1985-ci ilə aiddir, digəri isə 1988-ci ilə. Bu maşınların sükanı arxasına keçmək imkanı nadir hallarda olur, amma Qudvudda belə fürsətlər var və bu, çox dəyərlidir”.
Prost üçün bu festival təkcə texnika ilə bağlı nostalji yox, həm də keçmiş komanda yoldaşları ilə görüşmək fürsətidir: “80-ci illərdə Renault və McLaren-də mənimlə birlikdə işləmiş çox insanla burda görüşürəm. Bura təkcə tarixi maşınların nümayişi deyil, həm də keçmişə səyahətdir”.
Əfsanəvi pilot vurğulayıb ki, bu klassik bolidləri sürərkən sürət əsas amil deyil: “Bu maşınlara çox hörmətlə yanaşmaq lazımdır. Onlar tarixi dəyər daşıyır, sahibləri burada iştirak edir. Buna görə ehtiyatla sürmək vacibdir”.
O, həmçinin Formula 1-in tarixi və əfsanələri ilə bağlı şəxsi düşüncələrini bölüşüb:
“Mən bir az ənənəçiyəm. Ceki Stüart mənim kumirim idi, sonra Niki Lauda gəldi və illər sonra mən McLaren-də onunla komanda yoldaşı oldum. Bu artıq tarixin bir hissəsidir. Mən özümü tarix eksperti saymıram, amma bu tarixə mənim də bir töhfəm var”.
Alen Prost Qudvud atmosferindən duyduğu məmnuniyyəti də dilə gətirib: “Bugün çoxlu şəkil imzaladım və bilirəm ki, daha da çox olacaq. Ən çox xoşuma gələn isə bu gün burada çoxlu gənc azarkeşin olmasıdır. Onlar bura bu gözəl texnikanı görməyə gəliblər və bu, mənim üçün çox sevindirici haldır”.
Alen Prostun iştirakı və düşüncələri bir daha sübut edir ki, Qudvud Festivalı təkcə avtomobil şousu deyil, həm də Formula 1-in canlı tarixinin yaşandığı məkandır.
Şərh əlavə et