Xəbəri Kokpitdə Oxuyun!

Red Bull: Horner bizim tariximizin vacib hissəsidir

Red Bull komandasında 20 illik bir dövr başa çatdı. Komandanın uzunmüddətli rəhbəri Kristian Horner bu gün rəsmi olaraq vəzifəsindən azad olunub. Onun əvəzinə Red Bull-un ikinci komandası Racing Bulls-un rəhbəri Loren Mekis təyin edilib.

Red Bull-un yaydığı rəsmi açıqlamada bildirilir: “Red Bull Kristian Honeri bu gündən etibarən bütün əməliyyat vəzifələrindən azad etmiş və Red Bull Racing-in baş direktoru vəzifəsinə Loren Mekisi təyin etmişdir”.

Kristian Horner 2005-ci ildən – Red Bull-un Formula 1-də debüt etdiyi gündən bəri komandanın rəhbəri idi. Onun rəhbərliyi altında Red Bull cəmi bir neçə il ərzində sadəcə xal yığmaq üçün mübarizə aparan komandadan, Dünya Çempionluqları qazanan dominant gücə çevrilmişdi.

Hornerin dövründə Red Bull 8 dəfə Pilotlar Çempionluğunu və 6 dəfə isə Mühəndislər Kubokunu əldə etmişdi.

Red Bull şirkətinin İdarə Heyətinin Rəhbəri Oliver Mintslaff da Kristian Hornerə göstərdiyi xidmətlərə görə təşəkkür edib: “Kristian Hornerə son 20 ildə göstərdiyi misilsiz səylərinə görə təşəkkür edirik. Bitməyən əzmkarlığı, təcrübəsi, peşəkarlığı və innovativ yanaşması ilə Red Bull Racing-in Formula 1-in ən uğurlu və cazibədar komandalarından birinə çevrilməsində həlledici rol oynayıb.
Onun komandamızın tarixindəki yeri daim qalacaq”.

Red Bull-un yeni rəhbəri Loren Mekis bu günə qədər Racing Bulls komandasında rəhbər vəzifədə çalışırdı. Onun Red Bull Racing-in rəhbərliyini ələ alması ilə komandanın gələcək strategiyasında və təşkilati strukturunda əhəmiyyətli dəyişikliklərin olacağı gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et