Xəbəri Kokpitdə Oxuyun!

Red Bull rekord şansını itirib

Red Bull komandası Avstriya yarışından xalsız ayrılmaqla Ferrari-nin 2013-cü ildən bəri sahib olduğu Formula 1 rekordunu qırmaq şansını itirib.

Kokpit.az bildirir ki, Maks Ferstappen sıralanma turunun son sessiyasında sarı bayraqlara tuş gəlmiş və komandasının ev trası olan Red Bull Rinq yarışına yeddinci yerdən başlamışdı. Komanda yoldaşı Yuki Tsunoda isə 18-ci yeri tutaraq daha da zəif nəticə göstərmişdi.

Yarış Red Bull üçün daha da acınacaqlı keçdi: Ferstappen ilk döngədə Mercedes komandasının sürücüsü Kimi Antonelli ilə insident yaşayıb və yarışı vaxtından əvvəl bitirib. Tsunoda isə finiş xəttini sonuncu yerdə keçib.

Bu nəticə ilə Red Bull komandası 2022-ci ilin Səudiyyə Ərəbistanı Qran Prisindən bəri davam edən 77 yarışlıq ardıcıl xalqazanma seriyasını dayandırıb. Bu isə o deməkdir ki, “qırmızı öküzlər” Ferrari-nin 81 yarışlıq rekorduna sadəcə 4 yarış qalmış uğurlu seriyanı əldən veriblər.

Ferrari bu rekordu 2010-cu ilin Almaniya Qran Prisi ilə 2014-cü ilin Sinqapur Qran Prisi arasında ardıcıl xallar qazanaraq qırmışdı. Seriya 2014-cü ilin Yaponiya Qran Prisində Fernando Alonsonun mübarizəni dayandırması və Kimi Rəykkönenin 12-ci yeri tutması ilə sona çatmışdı.

Red Bull-un seriyasının sona çatması ilə hal-hazırda ən uzun aktiv xal seriyası McLaren komandasına məxsusdur. Britaniya təmsilçisi 2023-cü ilin Avstriya Qran Prisindən bəri ardıcıl 49 yarışda xal qazanmağı bacarıb.

McLaren Ferrari-nin 81 yarışlıq rekordunu keçmək istəyirsə, 2026-cı ilin Meksika Qran Prisinə qədər hər yarışda xal toplamalıdır.

Rauf Hacıyev

Şərh əlavə et