Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen Mercedes-ə gedir?

Sky Sports F1 İtaliyanın verdiyi məlumata görə Red Bull-un ulduz sürücüsü Maks Ferstappen ilə Mercedes komandası arasında ciddi danışıqlar gedir. Xəbərdə açıq şəkildə “Ferstappen gələn mövsüm üçün müqaviləsini pozmağa hazırdır” ifadəsi yer alıb.

Mənbənin yazdığına əsasən tərəflər arasında danışıqlar artıq son mərhələyə çatıb. Hələlik rəsmi imza atılmasa da, Ferstappenin Red Bull-dan ayrılmaq üçün bütün hazırlıqları gördüyü bildirilir.

Əgər bu transfer baş tutarsa, Mercedes-in 2026-cı il mövsümündə hazırkı pilotlarından biri ilə yollarını ayırması lazım gələcək. Hazırda komandanın heyətində Corc Rassell və debütant Andrea Kimi Antonelli yer alır. Hər iki sürücünün Mercedes-lə müqaviləsi 2025-ci ilin sonunda başa çatır.

Sky Sport-un məlumatına görə, Ferstappenin Mercedes-ə keçidi baş verərsə, komandadan ayrılması ehtimal edilən sürücü Corc Rassell olacaq. Lakin bu qərar Mercedes rəhbərliyinin yekun rəyindən asılı olacaq. Rassell 2022-ci ildən bu yana Mercedes-in heyətindədir və bu müddət ərzində komandanın əsas simalarından birinə çevrilib. Bu mövsüm Kanada Qran-Prisini qazanan britaniyalı pilot hazırda Sürücülər Çempionatında dördüncü pillədə qərarlaşıb.

Andrea Kimi Antonelli isə bu il ilk dəfə Formula 1-də iştirak edir və artıq bir podium nəticəsi əldə etməyə nail olub.

Digər tərəfdən Britaniya mətubuatı bildirir ki, Aston Martin komandası gələn il üçün Corc Rassell ilə maraqlanır. Lakin burada vəziyyət daha mürəkkəbdir, çünki Aston Martin-in 2026-cı il üçün həm Fernando Alonso, həm də Lens Stroll ilə qüvvədə olan müqavilələri mövcuddur. Bu müqavilələrdəki xüsusi bəndlər sayəsində müəyyən dəyişiklik imkanları olsa da, dəqiq nəticə hələ bəlli deyil.

Qeyd edək ki, Rassellin adı daha öncə 2026-cı ildə Formula 1-ə qoşulacaq Amerika komandası Cadillac ilə də hallanmışdı. Amma bu seçimin reallaşma ehtimalı daha az qiymətləndirilir, çünki yeni komandanın mübarizəyə qoşulması vaxt tələb edə bilər. Rassell isə hazırda F1-in ən perspektivli sürücülərindən biri sayılır.

Əgər Ferstappen doğrudan da Mercedes-lə anlaşarsa, bu, Red Bull komandasında da böyük boşluq yaradacaq. Bu halda, Rassellin həmin boşluğu doldurması da mümkündür. Ferstappenin Red Bull-la 2028-ci ilə qədər müqaviləsi olsa da, müəyyən performans maddələri sayəsində bu müqavilə vaxtından əvvəl ləğv oluna bilər.

Bütün bu ehtimallar Ferstappenin Mercedes-ə keçidinin təkcə bir pilotun komanda dəyişməsi ilə kifayətlənməyəcəyini, əksinə, pilot bazarında domino effekti yaradaraq ümumi tarazlığı dəyişdirə biləcəyini göstərir.

Hazırda isə tərəflərdən rəsmi açıqlama verilməyib.

Rauf Hacıyev

Şərh əlavə et