Kokpit.az bildirir ki, Haas Formula 1 komandasının qurucusu Cin Haas bu il keçiriləcək prestijli Qudvud Sürət Festivalında VF23 bolidinin sükanı arxasında olacaq.
72 yaşlı amerikalı iş adamı Haas komandasının Formula 1-dəki 10-cu ilini qeyd etmək məqsədilə bu tədbirdə trasa çıxacaq. Cin Haasa komandanın 2025-ci il pilotları Esteban Okon və Oliver Berman, komanda rəhbəri Ayao Komatsu, həmçinin Toyota-nın Dünya Dözümlülük Çempionatı proqramının vitse-prezidenti Kazuki Nakajima da qoşulacaq.
Festival müddətində həm VF23, həm də mövcud VF24 modelləri əfsanəvi yoxuş qalxma yürüşündə sürüləcək.
Haas komandası Qudvud Sürət Festivalına ilk dəfə qatılacaq və bu tədbirdə interaktiv stend quran yeganə F1 komandası olacaq. Eyni zamanda komanda “Ballroom Paddock” sahəsində də xüsusi yerə sahib olacaq. Haas-ın ilk bolidi VF16 və hazırkı VF25 eyni platformada nümayiş etdiriləcək. Ziyarətçilər komandanın arxivindən yarış kombinezonlarını, dəbilqələri, bolid hissələri və xüsusi xatirə əşyalarını da görmək imkanı əldə edəcəklər.
Komanda rəhbəri Ayao Komatsu bu möhtəşəm tədbirə qatılmalarını belə şərh edib: “2025-ci il Qudvud Sürət Festivalında iştirakımızı nəhayət açıqlaya bildiyimiz üçün çox sevincliyəm. Bu, uzun müddətdir gizli saxladığımız bir sirr idi.
İdmandakı 10-cu mövsümümüzü dünyanın ən savadlı və ehtiraslı F1 azarkeşləri ilə birlikdə qeyd etmək bizim üçün çox əlamətdardır.
Bu, trasdan kənarda indiyədək iştirak etdiyimiz ən böyük tədbir olacaq. Bunu mümkün edən Riçmond hersoquna və onun komandasına təşəkkür edirəm.
Qudvudda keçirəcəyimiz fəaliyyətlərlə bağlı daha çox açıqlamalar gələcək – bizim üçün ilin ən önəmli anlarından biri olacaq”.
Komandanın yeni pilotu Esteban Okon isə festival ilə bağlı həyəcanını belə ifadə edib:
“Qudvud Sürət Festivalı inanılmaz tədbirdir. Daha əvvəl bir dəfə getmişdim, lakin bu dəfə komandamla birlikdə olmaq çox daha xüsusi olacaq.
Haas F1 komandasının Formula 1-ə gəlişinin 10 illiyini qeyd edəcəyik. Azarkeşlərlə paylaşacağımız bir çox maraqlı anlar olacaq.
Bu tədbirdə sürmək çox əyləncəlidir, çünki burada yarış təzyiqi yoxdur – sadəcə zövq almaq və o anları hər kəslə bölüşmək üçün ora gedirsən.
Tarixi avtomobilləri və avtoidmana olan ehtirası yaxından görmək imkanı yaranacaq. Ailəmi də aparmağı düşünürəm, çünki onlar hələ ora getməyiblər”.
Qeyd edək ki, 2025-ci ilin Qudvud Sürət Festivalı 10–13 iyul tarixləri arasında keçiriləcək.
Şərh əlavə et