Xəbəri Kokpitdə Oxuyun!

Avstriyanın qazananları və itirənləri

Mövsümün 11-ci mərhələsi olan olan Avstriya Qran Prisi geridə qaldı. Bu həftəsonu demək olar ki, çempionatın taleyinə aydınlıq gəldi.

Red Bull Rinq trası bu dəfə Red Bull komandası üçün düşərli olmadı. Əvvəlcə “qırmızı öküzlər”in Formula 3-dəki sürücüsü Nikola Çolov yarışı qazansa da, sonradan stüardlar onu diskvalifikasiya etdilər. Formula 2-də isə Arvid Lindblad bərbad həftəsonu keçirərək, xalsız qaldı.

Bu lənət Red Bull-u bu həftəsonu Formula 1-də də rahat buraxmadı. Maks Ferstappen əvvəlcə sıralanma turunda sarı bayraqlara görə dövrəsini tamamlaya bilmədi və yarışa yeddinci yerdə başlamalı oldu. Buna baxmayaraq, niderlandlı sürücü yarışda yüksələcəyinə ümid edirdi. Ancaq sən saydığını say deyiblər. Yarışın startından sonra üçüncü döngənin girişində Kimi Antonellinin arxa təkərləri kilitləndi və Maks Ferstappenin maşınına çırpıldı. Yekunda iki sürücü də mübarizəni dayandırmalı oldu. Ancaq bu hal çempionluq uğrunda mübarizə aparan Maks Ferstappenin ümidlərinin də üstündən xətt çəkdi. Çünki Red Bull Rinq onun sevimli traslarındandır. Dördqat Dünya Çempionu 2018-ci ildən bəri bu trasda 5 yarış qazanmışdı. Bu il isə mübarizəni elə ilk dövrədə dayandırıb, dözümlülük yarışlarına baxmaq üçün otelinə qayıtdı…

Yarışda diqqət çəkən digər məqam McLaren komandasının iki sürücüsü arasındakı mübarizə idi. Xüsusən də ilk dövrələrdə. Oskar Piastri yarışa üçüncü yerdən başlasa da, startda Şarl Lekleri geridə qoyaraq, komanda yoldaşı Lando Norrisin arxasında ikinci yerə yüksəldi. Bundan sonra biz iki sürücü arasında amansız mübarizənin şahidi olduq. Hətta Oskar Piastri bir epizodda Landonu keçsə də, britaniyalı sürücü əks hücumla yerini qaytardı. Lakin insidentin qoxusunu alan McLaren komandası iki sürücünü bir-birindən uzaqlaşdırmaq üçün Oskar Piastrini 4 dövrə gec pitə çağırdı. Yekunda pitlərdən sonra iki sürücü arasında 5 saniyədən çox fərq var idi. Bundan sonra biz McLaren sürücüləri arasında hər hansı mübarizə görmədik.

Bəs “narıncılar” bu taktikanı etməkdə haqlı idi? Azarkeşlər adına yox, amma komanda adına bəli. Çünki iki sürücü Kanada yarışında da insident yaşamışdılar. Onların ardıcıl ikinci yarışda insident yaşaması isə heç də birmənalı qarşılanmazdı. Xüsusən də səhmdarlar və sponsorlar tərəfindən…

Yarışın ən maraqlı mübarizələrindən biri isə orta qrupda keçdi. Qabriel Bortoleto və Fernando Alonso yeddinci yer uğrunda amansız mübarizə apardı. Peletonun ən təcrübəli pilotu ilə debütant pilotu… Müəllimlə şagirdi. Burada Fernando Alonsonun təcrübəsi Qabriel Bortoletonun sürətinə qarşı idi. Lakin sonda qalib gələn təcrübə oldu və Fernando Alonso yarışı öz yetirməsinin önündə bitirdi.

Günün gözəgörünməzləri isə Ferrari komandası oldu. “Qırmızılar” səssiz-sədasız üçüncü və dördüncü yeri tutaraq, podium qazandılar. Yarış ərzində demək olar ki, kameralar da onları göstərmədi.

Günün bəlkə də ən çox məyus olan sürücüsü Lyuis Həmilton idi, çünki o, Formula 1 karyerasına başladıqdan sonra ilk dəfə ardıcıl 13 yarış podiumsuz qaldı.

Beləliklə, Avstriya yarışından sonra çox şey məlum olmağa başladı. Artıq McLaren komandasının sürücüləri demək olar ki, titul uğrunda mübarizədə təkdirlər. Onların ən yaxın izləyicisi Maks Ferstappen 61 xal geridədir. Bu nəticə italyan təmsilçisini yenidən turnir cədvəlində ikinci yerə yüksəltdi.

Həftəsonunun ən uğurla komandası isə McLaren-lə yanaşı Sauber-dir. Qabriel Bortoleto yaxşı sıralanma turu keçirərək 8-ci oldu və yarışı da elə başladığı yerdə bitirdi. Niko Hülkenberq isə finişə 9-cu yerdə keçərək, komandasına vacib xallar qazandırdı.

Avstriya Qran Prisinin ən çox itirəni isə sözsüz ki, Williams komandası oldu. Onlar tam heyətlə mübarizəni vaxtından əvvəl dayandıraraq, bu həftəsonu öz vətənlərində keçiriləcək Britaniya Qran Prisinə hamıdan əvvəl hazırlaşmağa başladılar.

Beləliklə, mövsümün 11-ci mərhələsi də belə geridə qaldı. İndi isə bizi Formula 1-in ən əfsanəvi trası olan Silverstoun gözləyir. Bizi izləməyə davam edin.

 

Rauf Hacıyev

Şərh əlavə et