Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Əla mübarizə idi

McLaren komandasının sürücüsü Lando Norris Avstriya yarışında Oskar Piastri ilə olan mübarizəsindən danışıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Red Bull Ring-də baş tutan yarışa pouldan başlayıb və yarışın əvvəlində komanda yoldaşı Oskar Piastri liderlik uğrunda mübarizə aparıb. Lakin Lando damalı bayrağı birinci yerdə keçərək, daha bir qələbə qazanıb.

Oskar Piastri isə yarışı ikinci yerdə tamamlayıb.

Yarışdan sonra müsahibə verən Lando Norris belə deyib: “Çətin bir yarış idi. Startdan finişə qədər tam sürətlə getdim.

Asfalt sürüşkən, hava isə isti – həqiqətən yorucu gün oldu… Amma komanda olaraq bizim üçün möhtəşəm nəticədir. İlk iki yeri tutmaq istədiyimiz şey idi və bunu yenidən bacardıq. Buna görə də çox xoşbəxtəm”.

Lando Norris yarışın əvvəlində Oskar Piastri ilə mübarizəsi barədə bunları deyib: “Əla mübarizə idi və çox əyləncəli keçdi.

Bir tərəfdən çox stressli oldu, amma digər tərəfdən həqiqətən zövq aldım. Gözəl mübarizə oldu və buna görə Oskarı təbrik edirəm.

Ümid edirəm ki, izləyicilər üçün də maraqlı bir yarış olub, amma kokpitin içində vəziyyət çox çətin idi – xüsusilə DRS məsafəsində olarkən.

Bu trasda DRS çox təsirlidir, buna görə onu o məsafədən uzaqlaşdırmaq asan deyildi.

Bir dəfə fərqi aça bildim və o andan sonra vəziyyətə daha yaxşı nəzarət etdim, amma Oscar yenə də çox sürətli idi”.

Rauf Hacıyev

Şərh əlavə et