Xəbəri Kokpitdə Oxuyun!

Avstriya F2: Fersxur qazanaraq liderliyə yüksəlib

Formula 2 üzrə Avstriya Qran Prisini MP Motorsport-un sürücüsü Rixard Fersxur qazanıb.

Kokpit.az bildirir ki, yarışın startında pouldan start alan Fornaroli yerini qoruyub. Fersxur ona bir neçə dəfə hücum etsə də, liderliyi ondan ala bilməyib. Bu ikililini Viktor Martin izləyib.

Yarışın ilk dövrəsində Qabriel Mini texniki problemə görə mübarizəni dayandırıb.

Daha sonra Aleks Dann və Pepe Marti strategiyanı dəyişərək erkən pit-stop ediblər və Fersxur və Martin kimi pilotlarla virtual liderlik mübarizəsinə başlayıblar. Fornarolinin pitdə vaxt itirməsi onun liderliyi əldən verməsinə səbəb olub.

Fersxur yarışın 15-ci dövrəsində Martini keçərək potensial liderliyə yüksəlib və fərqi artırmağa başlayıb. Dann isə Marteni 23-cü dövrədə keçərək potensial ikinci yerə yüksəlib.

Yarışın sonlarına doğru Marti və Fornaroli də podium uğrunda mübarizəyə qoşulublar. Marti, Martinlə təmasdan sonra onu keçib, lakin stüardlar bu manevrə görə ona 10 saniyəlik cəza veriblər. Eyni zamanda Sebastyan Montoya, yarışın əvvəlindəki problemlərə baxmayaraq, son dövrələrdə SuperSoft təkərlərlə hücuma keçərək 5-ci yerə qədər yüksəlib.

Beləliklə yarışı Rixard Fersxur qazanaraq, çempionatda liderliyə yüksəlib. Aleks Dan ikinci, yarışa pouldan başlayan Fornaroli isə üçüncü yeri tutub.

Pepe Marti isə yarışı dördüncü yerdə bitirsə də, aldığı cəzaya görə yeddinci yerə yuvarlanıb.

Yarışın sonunda Red Bull-un iki gənc sürücüsü Oliver Göte və Arvid Lindblad bir-birlərinə çırpılıblar. Yekunda Götenin maşını havaya qalxaraq trasdan çıxıb.

Mövsüçün növbəti yarışı gələn həftə Silverstoun trasında baş tutacaq.

Rauf Hacıyev

Şərh əlavə et