Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton 900 gün gözləmək istəmir

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Avstriya Qran Prisinin sıralanma turunda ikinci olduqdan sonra məmnuniyyətini gizlətməyib.

Kokpit.az xatırladır ki, “qırmızılar” Avstriya Qran Prisinə yeni altlıqla gəlib. Onlar cümə günü zəif təsir bağışlasalar da, şənbə günü sıralanma turunda “özlərinə gəliblər”. Belə ki, sıralanma turunda Şarl Lekler ikinci, Lyuis Həmilton dördüncü yeri tutub.

Lyuis Həmilton: “Bu əla nəticədir. Bazada doğrudan da çox işlədilər və bu həftəsonuna yeni bir altlıq gətirildi.

Dünənki performansımıza baxsaq, demək olar ki, 0.6-0.9 saniyə geridə idik. Bu gün ikinci yerdən başlamaq böyük inkişafdır. Şarl ön cərgədədir, mən də onun düz arxasındayam. Son dövrəm mükəmməl deyildi – onu tamamlaya bilsəydim, bəlkə ikinci olardım. Amma bu idman belədir: bəzən qazanırsan, bəzən uduzursan”.

Hamilton, yarış tempinin adətən sıralama tempindən daha yaxşı olduğunu qeyd edərək, Ferrari-yə uyğunlaşma prosesində irəliləyiş olduğunu da vurğulayıb: “Performans baxımından Şarla yaxınlaşmaq müsbət haldır. O, bu maşına çox yaxşı bələddir və ümumiyyətlə sazlanmaları dəyişmir. Bu da mənim üçün yaxşı meyar nöqtəsi olur”.

Ferrari-nin ümumi performansındakı eniş və komanda rəhbəri Frederik Vassyör ilə bağlı yayılan şayiələrə baxmayaraq, Həmilton komandanın birliyini və peşəkarlığını tərifləyib:

“Əməliyyat baxımından bu gün ilin ən yaxşı günlərindən biri idi. Xüsusilə sıralanma turu zamanı… doğru vaxtda trasa çıxmaq, trafik məlumatları, mövqe seçimi – hər şey mükəmməl idi. Doğrudan da dünya standartlarında iş görüldü. Bu da komandanın işinə kökləndiyini göstərir. Biz şayiələri kənarda qoyub işimizə fokuslanırıq”.

Lyuis Həmilton Ferrari ilə ilk podiumunu qazanmaq arzusu barədə isə bu dəfə daha ehtiyatlı danışıb: “Hər yarışdan əvvəl deyirdim ki, ‘ilk podiumu səbirsizliklə gözləyirəm’, amma bu dəfə deməyəcəyəm. Səssiz qalacağam və əlimdən gələni etməyə çalışacağam. Ümid edirəm, son qələbəmdə olduğu kimi 900 gün gözləmək lazım gəlməz”.

Rauf Hacıyev

Şərh əlavə et