Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen: Tempimiz yoxdur

Red Bull komandasının sürücüsü Maks Ferstappen verdiyi açıqlamada bildirib ki, sıralanma turunda sarı bayraq olmasaydı belə poul üçün kifayət qədər sürətli olmayıblar.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Red Bull-un ev trasındakı yarışa yeddinci yerdən başlayacaq.

Əslində dördqat Dünya Çempionu sıralanma turunda daha yaxşı nəticə qazana bilərdi, lakin sarı bayraqlara görə o, son cəhdini vura bilməyib və yekunda geridə qalıb.

Maks Ferstappen: “Bəlkə sarı bayrağa qədər vəziyyət bir qədər yaxın ola bilərdi, amma pouldan hələ də çox uzaqda idik. Ona görə də bu vəziyyət mənim üçün o qədər də məyusedici deyil.

Üçüncü sərbəst yürüşlər o qədər də pis deyildi, amma nədənsə sıralanma turunda hər şey tamamilə məhv oldu. Maşın heç bir döngədə mənə inam vermədi və bu da təbii olaraq sıralanma turu üçün ciddi problem yaratdı”.

Niderlandlı pilot yarışda zərərin nə qədər minimuma endirə biləcəyi ilə bağlı suala isə belə cavab verib:“Bu, tamamilə yanaşma tərzindən asılıdır. Neçənci yerdə olduğuma o qədər də fikir vermirəm. Sadəcə yarış həftəsonunda əlimdən gələnin ən yaxşısını etməyə fokuslanıram.

Ümid edirəm ki, bazar günü Ferrari və ya Mercedes-lə rəqabət apara bilərik, amma əmin deyiləm. Çünki sıralamadakı ümumi balansı nəzərə alsaq, vəziyyət çox da ürəkaçan görünmür. Hər halda hər şeyi təhlil edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et