Xəbəri Kokpitdə Oxuyun!

L.di Montedzemolo McLaren-in direktoru olub

Ferrari-nin sabiq rəhbəri Luka di Montedzemolo McLaren Group Holdings Limited şirkətində vəzifəyə təyin olunub.

İtaliyalı mütəxəssis McLaren Group Holdings Limited şirkətinin direktorlar şurasına daxil edilib. Bu holdinq McLaren Racing yarış bölməsini idarə edir və McLaren Automotive şirkətində az da olsa, səhm paketinə sahibdir.

İki ay əvvəl BƏƏ-nin CYVN Holdings adlı investisiya fondu McLaren Automotive şirkətini demək olar ki, tamamilə satın alıb. Bundan sonra holdinqin idarəetməsində dəyişikliklər baş verib. Bu dəyişikliklər çərçivəsində di Montedzemolo da öz vəzifəyə təyin edilib və direktorlar şurasının doqquz üzvündən biri olub. Onunla birlikdə şurada Jaguar Land Rover və Ford şirkətlərinin sabiq rəhbəri, eyni zamanda McLaren Group-un hazırkı sədri Pol Uolş da yer alır.

Luka di Montedzemolo Ferrari-yə 1973-cü ildə şirkətin banisi Entso Ferrarinin köməkçisi kimi qoşulmuşdu. 1991-ci ildə Ferrari-nin prezidenti vəzifəsinə təyin olunmuş və növbəti illərdə Jan Todt, Ross Braun, Rori Börn və Mixael Şumaxerin Formula 1 komandası sıralarına qatılmasında mühüm rol oynamışdı.

Di Montedzemolo 2014-cü ildə, Fiat şirkətinin rəhbəri Sercio Markionne ilə fikir ayrılığı səbəbindən Ferrari-dən ayrılmışdı.

Rauf Hacıyev

Şərh əlavə et