Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen təmkinli danışır

Red Bull komandası 2025-ci il Formula 1 mövsümündə çempionluq şansını qoruyub saxlamaq istəyirsə, Avstriya və Böyük Britaniya Qran Prilərində yaxşı nəticə qazanmalıdır. Maks Ferstappen isə bu iki vacib yarış ərəfəsində ehtiyatlı, lakin aydın fikirlər səsləndirir.

Mövsümün ilk hissəsində Red Bull RB21 bolidini mərhələli şəkildə təkmilləşdirməyə çalışıb: Mayamidə yeni altlıq, İmolada arxa asılqan sistemi, Barselonada isə ön qanad yenilikləri təqdim olundu. İndi isə komanda növbəti yeniliklərini Avstriya Qran Prisinə gətirir.

Bu ardıcıl kiçik yeniliklər Red Bull-un döngələrdə balans baxımından bir qədər inkişaf etməsinə səbəb olub. Lakin komanda düşünür ki, xüsusilə aşağı və orta sürətli uzun döngələri olan texniki traslarda McLaren-in gerisində qalır. Bu, xüsusilə arxa təkərlərin effektiv idarə olunmasında özünü göstərir.

Komandanın idman məsləhətçisi Helmut Marko bu həftənin əvvəlində verdiyi açıqlamada bildirib ki, Red Bull qarşıdakı iki yarış üçün yeniliklər hazırlayır. Lakin bu yarışlardan sonra komanda diqqətini 2026-cı ilə yönəldəcək.

Hazırda Sürücülər Çempionatında üçüncü yerdə olan Maks Ferstappen isə qarşıdakı iki yarışın həm özü, həm də komanda üçün mövsümün gedişatını müəyyən edə biləcəyini deyir: “Qarşıda vəziyyətin dəyişə biləcəyi bir neçə yarış var.

Bu yeni paketin nə qədər fərq yaradacağını görəcəyik. Ümid edirəm ki, müsbət nəticə verəcək, amma yetərli olacaqmı? Bilmirəm.

Əlbəttə, digər komandalar da boş dayanmır. Yay fasiləsinə qədər keçiriləcək yarışlar mənzərəni daha da aydınlaşdıracaq.

Amma səmimi desəm, xal cədvəlinə və ümumi vəziyyətə baxanda McLaren-ə çatmaq real görünmür”.

Ferstappen həmçinin Monrealdakı yarışda McLaren-in zəif çıxışının zirvə mübarizəsinin yenidən qızışacağı anlamına gəlmədiyini də bildirib: “McLaren təkərlərin çox isindiyi şəraitdə həmişə güclü olub. Monrealdə isə bu cür şərait az olur. Ona görə də nəticəni bu şəkildə izah etmək olar.

Bizim hegemon olduğumuz dövrlərdə belə bəzi traslar bizim üçün çətinlik yaradırdı. Tras xüsusiyyətlərində bu cür fərqlər həmişə ola bilər”.

Rauf Hacıyev

Şərh əlavə et