Koenigsegg Jesko Attack-ın 1,578 at gücü və iri arxa qanadı ilə yollarda hərəkət edə bilən hiperavtomobillərinin zirvəsi olduğunu düşünürdünüzsə, Kristian von Kyoniqseqq sizə fərqli düşünməyi təklif edir. Qarşınızda Sadair’s Spear – daha yüngül, daha güclü, daha çox asfaltayatma qüvvəsi (downforce) yaradan və nəticə etibarilə daha çox tras yönümlü hiperavtomobil var. Sürət anlayışınızı alt-üst etmək və daxili orqanlarınızı yerindən oynatmaq üçün hazırlanıb.
Əvvəlcə ad barədə. Yadınızdadırsa, Jesko modeli şirkətin ilk illərində göstərdiyi köməyə görə təşəkkür əlaməti olaraq 80 illik yubileyi şərəfinə Kristianın atasının adını daşıyırdı. Bir çoxlarınız yəqin ki, ata Kyoniqseqqin nə həvəskar jokey olduğunu, nə də 1976-cı ildə son yarışında mindiyi atın adını bilirdiniz. Bəli, o atın adı məhz Sadair’s Spear idi.
Sadair’s Spear-da istifadə olunan mühərrik Jesko-dan tanış olan 5.0 litrlik twin-turbo V8-dir. Bu mühərrik Koenigsegg-in 9-pilləli Lightspeed transmissiyası ilə birləşdirilib və flywheel (sərbəst çarx) olmadan işləyir – bu sayədə mühərriyin dirsəkli valının dövrlərinin sayı 8,500-ə yalnız 0.2 saniyəyə qədər çatır – superbayklar kimi.
Hələlik sürətlənmə və maksimum sürət barədə rəsmi rəqəmlər açıqlanmayıb (xatırladaq ki, Jesko-nun nəzəri maksimum sürəti 300 mil/saatdan (480 km/saat) çoxdur). Amma testlər zamanı Sadair’s Spear Gotland Ring trasında Jesko Attack-ın rekordunu 1.1 saniyə ilə yeniləyib.
Təkmilləşdirilmiş aerodinamika bu nəticədə böyük rol oynayıb. Yuxarıdan montajlanmış aktiv “ikili bıçaqlı” arxa qanad, uzadılmış arxa hissə dizaynı ilə birlikdə daha çox asfaltayatma qüvvəsi və stabillik təmin edir. Bu balans böyüdülmüş ön qanadlar (canards), hava çıxış panelləri (louvers) və kapotdakı ventilyasiya çıxışları ilə qorunur.
Yeni yeddi şüalı turbin bıçaqlı Aircore karbon-fiber disklər yalnız Sadair’s Spear üçün hazırlanıb və daha geniş, tras üçün xüsusi təkərlərlə təchiz edilib. Karbon-seramik əyləclər üçün yeni yastıq (pad) materialları tətbiq edilib, öz-özünü tənzimləyən asılqan sistemi isə daha yüngül yaylarla təchiz olunub.
Bütün bu dəyişikliklər ümumilikdə 35 kq-lıq çəki azaldılması paketinin bir hissəsidir – bu paketə 2.6 kq-lıq səssizləşdirici izolyasiyanın çıxarılması, unikal karbon-fiber oturacaqlar və digər yüngül daxili elementlər daxildir. Əgər yola çıxmazdan əvvəl hazırlıq işlərini sevirsinizsə, adi təhlükəsizlik kəmərləri yerinə altı nöqtəli yarış kəməri sifariş edə bilərsiniz.
Kristian von Kyoniqseqq: “Sadair’s Spear Koenigsegg-in təbii inkişaf mərhələsini təmsil edir — xam güc, incə işlənmiş aerodinamika və qeyri-adi yollardakı mövcudluğun mükəmməl balansı. Bu avtomobil rekordlar üçün yaradılıb. Şəhər yolları üçün leqal olan bir avtomobildə bu səviyyədə tras üstünlüyünə nail olmaq həqiqətən heyrətamizdir”.
Gələk əsas məsələyə. Sadair’s Spear yalnız 30 ədəd istehsal olunacaq və biri 3.8 milyon funt-sterlinqədir. Koenigsegg bu modeli bugünkü təqdimatdan əvvəl özünün ən sadiq müştərilərinə qapalı təqdimatla göstərib və hamısı dərhal satılıb…
Şərh əlavə et