Kokpit.az bildirir ki, Formula 1 Dünyasında dedi-qodular bitmir. İndi də çıxan iddialara görə Ferrari Maranellodan savayı Britaniyada peyk bazası qurmaq istəyir.
Niko Rosberq də verdiyi şərhlərlə bu iddiaları təsdiqləyib. Almaniyalı sabiq pilot bildirib ki, Ferrari daxilindəki əməliyyatlar Britaniya mərkəzli komandalara nisbətən ağır gedir: “Ferrari-nin daxili işlərinə baxanda oradakı standartların Britaniya komandaları ilə müqayisə olunmayacaq səviyyədə olduğunu hiss edirəm. Xüsusən də Mercedes kimi komanda ilə müqayisə olunanda bu fərq daha dəqiq görünür. Bu hal təkcə texniki yox, marketinq kimi fərqli sahələrdə də keçərlidir”.
Niko Rosberq komanda daxilindəki qərar alma prosesinin də qarışıq olduğunu deyib: “Mercedes-də Lyuis Həmiltonun problemi olanda birbaşa Toto Volffun yanına gedərdi. Çünki komandada hər şeyə cavabdeh olan şəxs odur və qərarlar o dəqiqə alınır. Ancaq Ferrari-də qərar verənlər çoxdur. Lyuis belə kimlə danışmalı olduğunu bilmir. Birinə bir söz desən, başqası bu hərəkəti xoşlamaya bilər. Belə problemli sistemləri var”.
Buna görə də Ferrari Briyaniyada bir baza qurmaq fikrinə düşüb. Niko Rosberq bu barədə də danışıb: “Maranelloda bəzi idealar müzakirə olunur. Eşitmişəm ki, Ferrari Formula 1-in döyünən ürəyi olan Britaniyada baza qurmağı düşünür. Ancaq burada vacib məsələ bu bazanı Maranellodakı əsas baza ilə necə əlaqələndirəcəkləridir. Sadəcə İngiltərədə bir bina açmaq bəs eləmir. Oradakı məlumatlar əsas baza ilə qüsursuz formada paylaşılmasa, bu işin mənası olmaz”.
Əslində bu modeli istifadə edən komandalar var. Məsələn, Haas Formula 1 Komandası yarış əməliyyatlarını Britaniyanın Banbari şəhərində aparır. Texniki şöbə isə Ferrari-nin Maranellodakı mərkəzindədir. Eyni formada Racing Bulls komandasının texniki şöbəsi Britaniyada, əsas bazası isə İtaliyadadır.
Şərh əlavə et