Xəbəri Kokpitdə Oxuyun!

M.Brandl: Rəqibləri Ferstappeni cırnatmalıdır

Sabiq Formula 1 sürücüsü Martin Brandl bildirib ki, rəqibləri cəza alması üçün Maks Ferstappenin əsəbləri ilə oynamalıdır.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Barselona yarışının sonlarında rəqibi Corc Rassellə təmas yaşamış və buna görə də stüardlar onun lisenziyasına 3 cərimə balı yazmışdılar. Bununla da Maksın son 1 ildəki cərimə balları 11-ə yüksəlib. Bu isə o deməkdir ki, iyunun 30-a qədər Maks daha 1 cərimə balı alsa, o bir yarışı buraxmalı olacaq.

Lakin sabiq Formula 1 sürücüsü və hazırda Sky televiziyasında şərhçi işləyən Martin Brandl düşünür ki, Maksa verilən cəza daha ağır olmalı idi: “Mən olsam, 4 cəza xalı və pit yolundan keçmə cəzası verərdim. Amma bəzilərindən fərqli olaraq qara bayraq göstərilməsini düşünmürəm.

Maks aqressiv sürücüdür və tərzi elədir. Onu belə tanıyırıq. Bolidə nəzarət etməsi isə möhtəşəmdir. Maşını istədiyi kimi trasa yerləşdirə bilir. Qaydaları çox yaxşı bilir və limitləri sona qədər istifadə etməyi sevir. Amma artıq bu aqressivliyin cəzasını daha çox ödəməyə başladı.

Əgər mən Ferrari, Mercedea ya da McLaren-də yarışsaydım, Maksı cırnadaraq, daha çox cəza xalı almasını təmin edərdim”.

Rauf Hacıyev

Şərh əlavə et