Kokpit.az xatırladır ki, 2024-cü il mövsümü yeni bitsə də, artıq əksər azarkeşlər yeni mövsümü səbirsizliklə gözləyir. Onlar yeni maşınların təqdimat günlərini və onları görməyi səbirsizliklə gözləyirlər.
2025-ci il fevralın 18-ində Londonda böyük təqdimat tədbiri ilə bütün maşınların rəng çalarları təqdim ediləcək. Komandalar yeni maşınlarını isə ayrı tarixlərdə təqdim edəcəklər. Ferrari komandası artıq 2025-ci il maşınının təqdimat tarxini açıqlayıb. “Qırmızılar” yeni maşınlarını fevralın 19-da təqdim edəcəklər.
Red Bull komandası isə yeni maşınını daha tez təqdim edəcək. “Qırmızı öküzlər” təqdimat üçün yanvarın son günlərini seçib.
Komandanın rəhbəri Kristian Horner: “Bu bolid Ədrian Nyuinin qatqısı olmadan hazırlanan ilk maşınımızdır. Buna görə də komandamız istedadını göstərməlidir. Onlara inanıram. Son dərəcə güclü və istedadlı bir komandamız var. Yanvar ayının sonunda təqdim olunduğunda RB21-in necə maşın olacağını görəcəyik”.
Xatırladaq ki, Red Bull komandası 2024-cü il mövsümünü McLaren və Ferrari-dən sonra üçüncü yerdə tamamlayıb. “Qırmızı öküzlər” yeni mövsümə sürücü heyətini dəyişdirməklə başlayacaqlar. Serxio Peresi gənc Liam Louson əvəz edəcək.
Şərh əlavə et