Kokpit.az xatırladır ki, Apple şirkəti iPhone 16 seriyasını sentyabrın 9-da təqdim etmişdi. Şirkət indi daha əlverişli qiymətə olan SE seriyasının təqdimatına hazırlaşır. iPhone SE son dəgə 2022-ci ildə yenilənmişdi. İndi isə dördüncü nəsil gəlir.
iPhone SE 4 barədə son dövrlərdə çoxlu məlumatlar üzə çıxmışdı. Dünən isə yeni məlumatlar paylaşılıb. Bloomberg-də yazar olan Mark Qurman ən etibarlı Apple resurslarından biridir və o bizə iPhone SE4-ün təqdimat tarixi və digər detalları barədə xəbərlər verib.
iPhone SE 4 Apple İntelligence dəstəyi ilə 2025-ci ilin əvvəlində təqdim ediləcək
Məlumatlara görə Apple iPhone SE 4 modelini gələn ilin əvvəlində satışa çıxaracq. Yəni ki, 2025-ci ilin əvvəlində yeni məhsulların təqdimatı olan tədbir görə bilərik.
Telefonun detalları barədə də məlumat paylaşılıb. Telefonun iPhone 14-ə bənzər müasir dizaynla çıxması gözlənilir. Yəni ki, cihazın ekranı 6.1 düymə olacaq. Bundan başqa artıq telefonda Touch İD yox, Face İD-yə yer veriləcək.
Ən əsası isə hazırda sadəcə iPhone 15 Pro və iPhone 16 modellərində olan Apple İntelligence süni intellekt dəstəyinə sahib olacağı güman olunur. Qurman daha əvvəl də bu iddianı dilə gətirmişdi və indi də təkrarlayır. Belə olan halda bu cihazın satışları ciddi formada arta bilər, çünki belə ucuz qiymətə bu cür xüsusiyyətlər təqdim edən iPhone tapmaq çox çətindir. Hazırda belə xüsusiyyətli ən ucuz iPhone keçən il çıxan 15 Pro-dur.
Daha əvvəl çıxan məlumatlara görə iPhone SE 4-də OLED ekran görmə ehtimalımız çoxdur. Lakin arxasında sadəcə bir kamerası olacaq. Bundan başqa bu cihaz əvvəlki SE-lərə nisbətən daha güclü olacağı üçün qiymətinin 429 dollardan 499 dollara çıxması gözlənilir.
Digər Apple məhsullarının da təqdimatı gözlənilir
Bloomberg yazarı Qurman düşünür ki, Apple iPhone SE 4 ilə birlikdə başqa məhsullar da təqdim edə bilər. Bunlardan biri iPad Air-dir. Bu cihaz yeni klavişlərlə birlikdə gələn ilin əvvəlində təqdim edilməlidir. Buna görə də iPhone SE 4 ilə birlikdə eyni tədbirdə təqdim edilməsi gözlənilir.
Bunlardan başqa çox gözlənilən M4 çipli Mac modellərinin 2024-cü ilin sonunda təqdim ediləcəyi qeyd edilib. Böyük ehtimalla bu ay keçiriləcək bir tədbirdə biz M4 proçessorlu Mac-larla tanış olacağıq. Təqdimatı gözlənilən cihazlar Macbook Pro və iMac və dizaynı yenilənən Mac Mini-dir. Macbook Air-in isə növbəti ay yeni proçessorla çıxması gözlənilir.
Şərh əlavə et