Kokpit.az xatırladır ki, niderlandlı sürücü İmolada sıralanma turuna qədər heç bir sessiyada birinci ola bilməmişdi. Buna görə də onun poul qazanmasına inananlar az idi. Lakin üçqat Dünya Çempionu yenə də həlledici məqamda sözünü deyərək, ardıxıl 8-ci poulunu qazandı.
Maks Ferstappen: “İndiyə kimi çətin həftəsonu keçirdik. Hətta bu gün üçüncü sərbəst yürüşlər də çətin keçmişdi. Burada poul qazandığım üçün sevincliyəm. Bunu doğrudan da gözləmirdim. Sıralanma turundan əvvəl bəzi dəyişikliklər etdik və bunların hesabına özümü yaxşı hiss etdim. Bolidi var qüvvəmlə sürmək mümkün oldu.
Bu tras inanılmazdır. Sıralanma turunda son həddə sürmək və çınqıllara yaxın olmaq çox dəlisovcasına idi. Son döngədə çınqıllara çıxdım. Adrenalin çox yüksək idi”.
Maks Ferstappen İmolada ardıcıl 8-ci poulunu alaraq, Ayrton Sennanın 1989-cu ildən qalma rekordunu təkrarladı.
Üçqat Dünya Çempionu bu barədə belə danışıb: “Bu, mənim üçün gözəl və xüsusidir. Ölümdən otuz il keçib və buna görə də poul qazandığım üçün sevincliyəm. Bu, onun üçün də gözəl xatirədir. O, inanılmaz Formula 1 sürücüsü idi. Xüsusən də sıralanma turunda… Bu gün mənim üçün çox gözəl gündür. Çox xoşbəxtəm”.
Şərh əlavə et