Baş ofisi Münhendə yerləşən BMW 2009-cu ildə Sauber-dəki əsas səhmlərini satdıqdan sonra Formula 1-də iştirak etmir. Həmin dövrdən etibarən çempionatın getdikcə artan populyarlığı Formula 1-i avtomobil istehsalçıları üçün əvvəlkindən daha cəlbedici edib.
BMW-nin daha əvvəl tərəfdaş olduğu Sauber komandası artıq Audi tərəfindən idarə olunur. Bundan başqa, Formula 1-in 2026-cı ildə ciddi şəkildə dəyişən texniki reqlamentləri Cadillac və Red Bull-un mühərrik tərəfdaşı olaraq çempionata qoşulan Ford kimi böyük brendlərin də marağını artırıb.
Lakin BMW M şirkətinin baş direktoru Frank van Meel hesab edir ki, Formula 1 yarış avtomobillərindən əldə edilən texnologiyanın seriya istehsalı modellərinə ötürülməsində onların fəlsəfəsinə uyğun deyil.
Frank Van Meel: “Formula 1 bizim üçün həddindən artıq uzaqdır. Çox böyük bir laboratoriyaya bənzəyir və oradakı texnologiyanı seriya istehsalı avtomobillərə kifayət qədər effektiv şəkildə tətbiq etmək mümkün deyil. Formula 1-ə qoşulsaq, tamamilə ayrıca texnologiya mərkəzi yaratmalı olarıq. Bu mərkəz də şirkətin digər strukturlarından ayrı fəaliyyət göstərər.
Müştərilərimiz və azarkeşlərimiz, əlbəttə ki, Formula 1-i sevirlər. Ancaq onlar seriya istehsalı avtomobillərə daha yaxın olan avtoidman növlərini də sevirlər. M brendinin əsas fəlsəfəsi avtoidmanda əldə etdiyimiz texnologiyaları seriya istehsalı avtomobillərə ötürməkdir. Formula 1 isə bizim baxışımıza görə buna uyğun gəlmir”.
BMW Formula 1-də iştirak etməsə də, avtoidmanın digər kateqoriyalarında, xüsusilə də idman avtomobili yarışlarında kifayət qədər aktivdir.
BMW M Hybrid V8 markanın avtoidmandakı əsas layihəsi hesab olunur. Zavod dəstəkli WRT komandası bu avtomobillə həm Dünya Dözümlülük Çempionatında (WEC), həm də IMSA SportsCar Championship-də mübarizə aparır.
Bu iki proqram BMW-yə Le Man və Daytona kimi dünyanın ən nüfuzlu 24 saatlıq yarışlarında iştirak etmək imkanı verir.
BMW, həmçinin məşhur M4 modelinin GT3 və GT4 versiyalarını dünyanın müxtəlif ölkələrində yarışan müştəri komandalarına təqdim edir.
Van Meel bu proqramların BMW üçün daha uyğun olduğunu bildirib. O, IMSA kimi çempionatlarda iştirakın şirkətin yüksək gəlir potensialına malik ABŞ bazarındakı mövqeyinin güclənməsinə də kömək etdiyini vurğulayıb: “Bizim üçün məsələ yalnız WEC-dən ibarət deyil, IMSA da çox vacibdir. BMW M-in ümumi satış həcminin təxminən 40 faizinin düşdüyü ABŞ bizim üçün ən mühüm ayrı bazardır. BMW ABŞ-da avtoidman sayəsində böyüyüb. Buna görə də IMSA bizim üçün son dərəcə əhəmiyyətlidir.
WEC və IMSA texnologiyanın birbaşa transferinə imkan verdiyi üçün bizim üçün çox uyğundur. Məsələn, M Concept New Class modelində M4 GT3-dən götürülmüş və hava axınının optimallaşdırılmasına xidmət edən kapot və diffuzor kimi bəzi elementlərdən istifadə olunur. İşıqlandırma qrafikləri isə LMDh yarış avtomobilimizdən götürülüb”.
Van Meel güc aqreqatlarında da texnologiya transferinin həyata keçirildiyini bildirib: “Avtoidmanda V8 hibrid mühərrikdən istifadə edirik. M5 və XM modellərimizdə də V8 hibrid güc qurğuları var. Bəzi hallarda eyni mühəndislər bu güc aqreqatları üzərində çalışırlar. Bu yarış seriyaları sayəsində müəyyən texnologiyaları daha sürətli şəkildə sınaqdan keçirə və onları seriya istehsalına daha hazır vəziyyətə gətirə bilirik”.




Şərh əlavə et