Pouldan start alan Noel Leon, ikinci yeri tutan Aleks Dann, Nikolas Tsolov, Qabriel Mini və Rafael Kamara çempionatın ilk beşliyində yer alırlar. Mövsümün bu mərhələsində hər xal böyük əhəmiyyət daşıdığından onların mübarizəsi xüsusi diqqət mərkəzində olub.
Startı ən uğurlu alan Campos Racing pilotları olub. Leon liderliyini yalnız ilk saniyələrdə qoruyub, çünki Tsolov əvvəlcə Dannı, daha sonra isə 3-cü döngədə komanda yoldaşını geridə qoyaraq yarışın liderliyini ələ keçirib.
Bu zaman arxa sıralarda Coşua Dürksen, Rafael Villaqomes və Sebastyan Montoyanın iştirakı ilə insident yaşanıb. Villaqomes və Montoya zədələr səbəbindən mübarizəni dayandırıblar, Dürksen isə yoluna davam edib. Hadisədən sonra trasa təhlükəsizlik avtomobili çıxıb.
Enzo Fittipaldi dərhal məcburi pit-stopunu yerinə yetirib, lakin bu taktika riskli görünürdü. Çünki sərt tərkibli təkərlərlə yarışın qalan 38 dövrəsini tamamlamaq asan olmayacaqdı.
5-ci dövrədə restart verildikdən sonra Tsolov üstünlüyünü artırmağa başlayıb. Campos Racing komanda daxili mübarizənin qarşısını almaq və Leonu boş trasda buraxmaq məqsədilə onu erkən pit-stopa çağırıb. Bir neçə dövrə sonra Tsolov da boksa daxil olub. Pit stop zamanı kiçik ləngimə yaşansa da, o, trasa 14-cü yerdə – həm Leonun, həm də Aleks Dannın önündə trasa qayıdıb.
11-ci dövrədə pit stop edən Qabriel Mini ilk anda Tsolovu qabaqlasa da, bolqar pilot isinmiş təkərlərin üstünlüyündən istifadə edərək tezliklə mövqeyini geri qaytarıb. Lakin onların mübarizəsindən ən çox Aleks Dann faydalanıb. O əvvəlcə Miniyə, sonra isə Tsolovun kiçik səhvindən istifadə edərək 3-cü döngədə daxili trayektoriya ilə uğurlu ötmə edib. Yüngül təmas yaşansa da, stüardlar insidenti araşdırmağa ehtiyac görməyib.
Bu mərhələdə hələ pit-stop etməyən Oliver Göte, Tasanapol İntrafuvasak, Lorens van Hupen, Kolton Herta və Niko Varrone ön sıralarda gedirdi. Lakin real podium namizədləri Tsolov, Dann, Mini və Kamara hesab olunurdu.
Yarışın yarısı arxada qalarkən Göte lider olsa da, tempi əsas rəqiblərindən təxminən bir saniyə zəif idi. Buna baxmayaraq, pit stopu gecikdirərək mümkün təhlükəsizlik avtomobilini gözləyirdi.
24-cü dövrədə Aleks Dann son döngədən çıxışda səhvə yol verib və trasdan çıxıb. Bundan istifadə edən Tsolov onu geridə qoyaraq ikinci yerə yüksəlib və qısa müddətdə bir saniyədən çox fərq yaradaraq DRS təhlükəsini də aradan qaldırıb.
26-cı dövrədə Mari Boyun bolidində mühərrik bölməsində yanğın başlayıb. Pilot maşını tras kənarında saxlayıb və virtual təhlükəsizlik avtomobili (VSC) rejimi tətbiq olunub. Bu müddətdə pit stop etmək mümkün olmayıb.
Yarış yaşıl bayraq altında bərpa edildikdən sonra Tsolov tempi artıraraq Mini üzərində üstünlüyünü 2,5 saniyəyə çatdırıb. Bu vaxt Mini artıq Dannı geridə qoymuşdu.
30-cu dövrədə nəhayət Oliver Göte pit stop edib, digər gecikdirən pilotlar da onun ardınca boksa üz tutublar. Nəticədə Tsolov yenidən yarışın liderliyini ələ keçirib.
33-cü dövrədə Rafael Kamara Aleks Danna hücum edib. Dann rəqibini trasdan kənara sıxışdırıb və bu epizod stüardlar tərəfindən yarışdan sonra araşdırılmağa qərar verilib.
Gec pit stop strategiyası Oliver Göte üçün uğurlu alınıb. Yeni SuperSoft təkərlərlə o, ardıcıl rəqiblərini keçərək əvvəlcə Dürkseni, daha sonra isə Kamara və Dannı üstələyib və 37-ci dövrədə üçüncü yerə yüksəlib.
Nikolas Tsolov yarışı inamlı qələbə ilə başa vurub. O, finiş xəttini Qabriel Minidən 3,9 saniyə əvvəl keçərək mövsümdə dördüncü qələbəsini qazanıb. Oliver Göte isə Formula 2 karyerasında ilk dəfə podiuma yüksəlib.
Yarışdan sonra Tsolov bildirib ki, isti hava şəraitində təkərlərin aşınmasına nəzarət etmək ən çətin məsələlərdən biri olub. Bunun öhdəsindən uğurla gələn Red Bull akademiyasının üzvü Red Bull Ring-də qazandığı qələbə ilə çempionluq mübarizəsini daha da gərginləşdirib.
Bu nəticədən sonra Tsolov çempionatda lider Qabriel Mini ilə fərqi cəmi 2 xala endirib. Campos Racing isə Mühəndislər Kubokunda liderliyini daha da möhkəmləndirib.




Şərh əlavə et