Xəbəri Kokpitdə Oxuyun!

Avstriya GP: Gərgin yarışı Rassell qazanıb

Qızdırma dövrəsindən sonra pilotlar start düzümündə yerlərini alıblar və işıqlar söndükdən sonra 71 dövrədən ibarət Avstriya Qran Prisinə start verilib.

Pouldan yarışa başlayan Corc Rassell ilk döngədə üstünlüyünü qoruyub saxlayıb. Üçüncü döngəyə yaxınlaşarkən Lyuis Həmilton komanda yoldaşı Şarl Lekleri geridə qoyaraq ikinci yerə yüksəlib.

İkinci dövrənin əvvəlində Kimi Antonelli Lekleri keçsə də, trasdan kənara çıxdığı üçün mövqeyini geri qaytarmalı olub. Maks Ferstappen isə əvvəlcə Antonellini, daha sonra Lekleri geridə qoyaraq üçüncü pilləyə yüksəlib.

4-cü dövrədə səkkizinci yerdə gedən Liam Louson radio ilə komandasına “Maşın yanır, yanğın var” deyə məlumat versə də, boliddə heç bir problem aşkarlanmayıb. Eyni şəkildə Valtteri Bottas da əyləclərdən tüstü çıxdığını bildirib. Ardınca Serxio Peres də eyni şikayətlə boksa yollanıb.

5-ci dövrədə lider Rassell ilə ikinci yerdə gedən Həmilton arasındakı fərq 1.3 saniyəyə çatıb. Ferstappen isə təxminən 3 saniyə geridə Həmiltonu izləyib.

7-ci dövrənin son döngəsində Antonelli Lekleri keçərək yenidən dördüncü pilləyə qayıdıb.

8-ci dövrədə Ferstappen Həmiltonla fərqi yarım saniyəyə qədər azaldaraq təzyiq göstərməyə başlayıb. Ekranlara düşməsə də, Həmiltonun bir döngəni geniş trayektoriya ilə keçərək vaxt itirdiyi bildirilib.

Əyləclərdən tüstü çıxması səbəbindən boksa qayıdan Cadillac pilotları yarışı dayandırıblar. Beləliklə, Bottas və Peres üçün həftəsonu başa çatıb.

11-ci dövrədə Həmiltonla Ferstappen arasında mübarizə daha da qızışıb. Ferstappen Həmiltonu keçərək ikinci yerə yüksəlsə də, Həmilton döngədə mövqeyini geri alıb. Növbəti hücumunda Ferstappen önə keçsə də, trayektoriyanı qorumağa çalışarkən trasdan çıxıb və ilk yaxın mübarizənin qalibi Həmilton olub.

12-ci dövrədə Ferstappen bu epizodla bağlı komandasına “Həmilton açıq şəkildə cəza almalıdır” deyə məlumat verib.

13-cü dövrədə Həmilton sərt təkərlərə keçmək üçün boksa daxil olub və Qabriel Bortoletonun arxasında 11-ci yerdə trasa qayıdıb. Ardınca Lekler də pit-stop edərək təkərlərini dəyişib.

16-cı dövrədə Həmilton doqquzuncu yerə qədər yüksəlib. Bu zaman Ferstappenlə yaşadığı insidentin hakimlər tərəfindən araşdırıldığı açıqlanıb.

18-ci dövrədə Ferstappen də boksa daxil olub və Həmiltonun arxasında altıncı yerdə trasa qayıdıb.

20-ci dövrədə lider Rassell və Oskar Piastri də pit-stop ediblər. Rassell Lando Norrisin arxasında üçüncü, Piastri isə Leklerin arxasında yeddinci yerdə trasa qayıdıb. Antonelli isə yarışın liderliyini ələ keçirib.

22-ci dövrədə Norris də boksa daxil olub və səkkizinci yerdə trasa qayıdıb. Həmin dövrədə Ferstappenlə Həmilton arasında mübarizə yenidən alovlanıb. Bir-birini iki dəfə keçən pilotların duelindən bu dəfə Ferstappen qalib ayrılıb və üçüncü yerə yüksəlib.

24-cü dövrədə Karlos Sayns texniki problem səbəbindən trasın kənarında dayanıb və sarı bayraqlar göstərilib. Hadisədən cəmi bir neçə saniyə əvvəl boksa girən Antonelli uğursuz zamanlama səbəbindən xeyli vaxt itirib. Bundan sonra Virtual Təhlükəsizlik Maşını rejimi tətbiq olunub. Lider Rassell ilə Ferstappen arasındakı fərq isə 3.5 saniyəyə enib.

26-cı dövrədə Virtual Təhlükəsizlik Maşını şəraitində Həmilton yenidən boksa daxil olub və Ayzek Hacarin arxasında yeddinci yerdə trasa qayıdıb. Ferrari britaniyalı pilot üçün istifadə olunmuş Soft təkər dəstini seçib.

27-ci dövrədə yarış yenidən yaşıl bayraq altında davam edib. Antonelli radio ilə “Bono, əyləclərdə nə problem var? Döngələrdə maşına heç güvənmirəm” deyib. Mercedes isə problemin iki əyləc arasındakı temperatur fərqindən qaynaqlandığını bildirib.

29-cu dövrədə üçüncü yerdə gedən Leklerlə Antonelli arasında mübarizə yaşanıb. Antonelli üstünlük qazansa da, əyləclərə güvənmədiyi üçün hücumu yarımçıq saxlayıb. 30-cu dövrədə isə fərqi sabit şəkildə azaltdıqdan sonra rahat keçidlə üçüncü yerə yüksəlib.

33-cü dövrədə altıncı yerdə gedən Həmilton boliddə kifayət qədər güc olmadığını bildirib. Ferstappenlə Rassell arasındakı fərq təxminən 4 saniyə olaraq qalıb. Antonelli isə Ferstappendən 8.8 saniyə geri düşüb.

36-cı dövrədə Fernando Alonso pit yolunda sürət həddini aşdığı üçün hakimlərin diqqətinə çatdırılıb.

37-ci dövrədə Piastri Lekleri keçərək dördüncü yerə yüksəlib. Keçid zamanı iki bolidin təkərləri yüngül şəkildə təmas edib. Ardınca Həmilton da Lekleri geridə qoyaraq beşinci yerə yüksəlib. Altıncı yerə enən Lekler boksa daxil olub.

38-ci dövrədə Ferstappenlə Rassell arasındakı fərq 1.7 saniyəyə qədər enib. Niderlandlı pilot ardıcıl bir neçə dövrə yarışın ən sürətli nəticəsini göstərib.

39-cu dövrədə Həmilton Piastrinin arxasında qalaraq vaxt itirib. Antonelli isə Ferstappenlə fərqi 5.8 saniyəyə qədər azaldıb.

40-cı dövrənin əvvəlində Rassell kiçik əyləc bloklanması yaşayaraq vaxt itirib. Alonso isə pit yolunda sürət həddini aşdığına görə 5 saniyə cəza alıb.

43-cü dövrədə Həmilton üçüncü dəfə pit stop edib və Piastrinin arxasında yeddinci yerdə trasa qayıdıb.

44-cü dövrədə Rassell boksa daxil olduqdan sonra Ferstappen yarışın liderliyini ələ keçirib. Rassell isə komanda yoldaşının arxasında üçüncü yerdə trasa qayıdıb.

46-cı dövrədə Antonelli ilə lider Ferstappen arasındakı fərq təxminən 4 saniyə olub. Rassell isə komanda yoldaşından 11.5 saniyə geri qalıb.

47-ci dövrədə Lans Stroll texniki problem səbəbindən yarışı dayandırıb. 18-ci yerdə gedən Fernando Alonso isə ən yaxın rəqibini təxminən 23 saniyə qabaqlayıb.

48-ci dövrədə Piastri Lekleri bir daha geridə qoyaraq dördüncü yerə yüksəlib.

49-cu dövrədə Ferstappen boksa daxil olub və Rassellin arxasında üçüncü yerdə trasa qayıdıb. Rasselllə Antonelli arasındakı fərq 7.8, Ferstappenlə Rassell arasındakı fərq isə təxminən 11 saniyə olub.

51-ci dövrədə Antonelli pit stop etdikdən sonra Rassell yenidən liderliyə yüksəlib. Antonelli Ferstappendən 4.3 saniyə geri qalaraq üçüncü yerdə trasa qayıdıb.

52-ci dövrədə Aleks Elbonun trasdakı bir hissəyə toxunması səbəbindən qısa müddətlik Virtual Təhlükəsizlik Maşını rejimi tətbiq olunub. Növbəti dövrədə yarış yenidən bərpa edilib. Həmilton isə Lekleri bir daha keçərək beşinci yerə yüksəlib.

56-cı dövrədə İsak Həcərlə Lekler arasında gərgin mübarizə yaşanıb. Həcər əvvəlcə Lekleri keçib, daha sonra Lekler mövqeyini geri alsa da, əyləcləri bloklayıb. Bundan istifadə edən Həcər yenidən hücum edərək altıncı yeri ələ keçirib. Mübarizədən sonra Lekler radio ilə “Bu təkərlər bərbad vəziyyətdədir” deyə bildirib.

59-cu dövrədə Lando Norris Lekleri keçərək yeddinci yerə yüksəlib. 61-ci dövrədə Ferstappen Rasselllə fərqi 5.5 saniyəyə qədər azaldıb.

Son dövrələrdə Ferstappenlə Rassell arasındakı fərq 1.9, Antonelli ilə Ferstappen arasındakı fərq isə təxminən 0.5 saniyəyə qədər enib. Buna baxmayaraq, yarışın qalan hissəsində sıralama dəyişməyib və Corc Rassell 2026-cı il Avstriya Qran Prisinin qalibi olub. Maks Ferstappen ikinci, Kimi Antonelli isə üçüncü yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et