Xəbəri Kokpitdə Oxuyun!

Avstriya F2: Bennet ilk dəfə qalib gəlib

Formula 2 üzrə  Avstriya Qran Prisinin qalibi Con Bennett olub.

Montoya poul mövqeyindən start alsa da, Con Bennett startda daha yaxşı sürətlənərək liderliyi ələ keçirib. Lakin artıq ilk dövrədə Nikola Tsolov və bir neçə pilotun iştirakı ilə baş verən insidentdən sonra Təhlükəsizlik Maşını trasa çıxıb.

Toqquşma Coşua Dürksenin Tsolovun bolidinə arxadan toxunması ilə başlayıb. Nəticədə Tsolov trası bağlasa da, yarışa davam edə bilib. Oliver Göte, Tasanapol İntrafuvasakEnzo Fittipaldi isə mübarizəni erkən dayandırıblar.

Yenidən startdan sonra Montoya bir neçə dövrə ərzində Bennetti təzyiq altında saxlayıb və 8-ci dövrənin 4-cü döngəsində gec əyləcləmə hesabına liderliyi geri alıb.

Bu vaxt ilk dövrədə geriyə düşən Nikola Tsolov yüksəlişini davam etdirərək 12-ci yerə qədər irəliləyib və Kolton Hertanı xarici trayektoriya ilə geridə qoyub.

Yarışın ikinci hissəsində Montoya liderliyini qorusa da, Bennett daim onun arxasında qalıb. Arxadakı qrupda isə Rafael Kamara ilə Aleks Dann arasında vacib duel yaşanıb. Dann Kamaranı keçərək çempionat baxımından önəmli mövqe qazanıb.

Daha sonra Herta texniki problemlə tras kənarında qaldığından Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub.

Yenidən startdan sonra çempionat lideri Qabriel Mini Kamaranı keçərək 5-ci yerə yüksəlib.

Son dövrələrdə Bennett təzyiqi daha da artırıb və son dövrədə 5-ci ilə 6-cı döngələr arasındakı qısa düzlükdə Montoyanı keçərək liderliyi ələ alıb. Bundan dərhal sonra Montoyanın tempi kəskin aşağı düşsə də, o, Rafael Villaqomesi cüzi fərqlə arxasında saxlayaraq ikinci yeri qoruyub.

Beləliklə, Con Bennett Formula 2-də karyerasının ilk qələbəsini qazanıb. Trident pilotu buna qədər heç vaxt podiuma yüksəlməmiş və çempionatda sonuncudan əvvəlki pillədə qərarlaşmışdı.

Qabriel Mini 5-ci yeri tutaraq çempionatdakı üstünlüyünü bir qədər artırıb. Nikola Tsolov isə 9-cu yeri tutduğundan xal qazana bilməyib. Bazar günü əsas yarışa Mini 2-ci, Tsolov isə 3-cü yerdən start verəcək.

Rauf Hacıyev

Şərh əlavə et