Şənbə günü səhər Şpilberqdə hava günəşli və isti olub. Yerli vaxtla saat 10:05-də start verilən yarış zamanı havanın temperaturu +25°C, asfaltın temperaturu isə +37°C təşkil edib.
Pouldan start alan Ceyms Uorton liderliyini inamla qoruyub. Pedro Klero Ernesto Rivera ilə mübarizədə üçüncü yerə yüksəlsə də, daha sonra əvvəlcə Riveraya, sonra isə Cin Nakamuraya uduzaraq dördüncü pilləyə geriləyib.
Yarış Freddi Sleyter üçün uğursuz başlayıb. Birinci döngədən çıxışda Noy Stromsted komanda yoldaşı Trident sürücüsünün bolidinin sağ arxa təkərinə toxunaraq asılqanı sıradan çıxarıb. Bundan sonra trasa təhlükəsizlik avtomobili çıxıb. Stüardlar toqquşmanı yarış insidenti kimi qiymətləndiriblər.
21 dövrəlik yarışın restartı dördüncü dövrədə verilib və problemsiz keçib. Uorton dərhal pelotondan aralanmağa çalışıb və ən sürətli dövrəni vurub.
Altıncı dövrədə üçüncü döngədə Fionn Maklaflinlə Entso Delini trası bölüşə bilməyiblər. Nəticədə Maklaflinin bolidinin ön qanadının böyük bir hissəsi qırılıb. Qırıntıları təmizləmək üçün qısa müddətə virtual təhlükəsizlik avtomobili rejimi tətbiq olunub.
Yarış bərpa edildikdən sonra Prema komandasının sürücüsü Lui Şarp ən sürətli dövrəni vurub və bu nəticə finişə qədər dəyişməyib.
11-ci dövrədə Rivera Uortona yaxınlaşıb və üçüncü döngədə ilk hücumunu edib. Bolidlər arasında yüngül təmas yaşansa da, Uorton liderliyini qoruyub.
Rivera təzyiqi davam etdirib və 14-cü dövrədə dördüncü döngəyə əyləcləmə zamanı uğurlu ötmə həyata keçirərək pelotona başçılıq etməyə başlayıb. Arxada isə üçüncü yer uğrunda Pedro Klero Cin Nakamuranı ciddi təzyiq altında saxlasa da, Hitech sürücüsü mövqeyini qorumağı bacarıb.
19-cu dövrədə altıncı yer uğrunda mübarizədə Stromsted Tuukka Taponeni ötüb. Növbəti dövrədə Yuhyon Şin yalançı starta görə stüardlardan beş saniyə cərimə alıb. Eyni qayda pozuntusuna görə Maklaflin də analoji cəza ilə üzləşib.
Son dövrədə Klero üçüncü döngədə Nakamuranı ötərək üçüncü yerə yüksəlib. O bununla kifayətlənməyib və dördüncü döngəyə qədər sürətlənmə zamanı Uortonu da keçərək ikinci yerə qalxıb. Uortonun problemləri bununla bitməyib. Belə ki. dördüncü döngədə Nakamura da onu geridə qoyub.
Monako mərhələsində Formula 3-də debüt edən Ernesto Rivera yarışı qələbə ilə başa vuraraq karyerasının ilk zəfərini qazanıb. Pedro Klero ikinci dəfə podiuma yüksəlib, lakin ilk dəfə ikinci pillədə qərarlaşıb. Cin Nakamura üçün isə üçüncü yer karyerasının ən yaxşı nəticəsi olub.
Çempionatın ilk beşliyində yer alan Uqo Uqoçukvu, Teofil Nael, Bruno del Pino, Freddi Sleyter və Brando Badoerdən yalnız Uqo ilk onluqda finişə çataraq bir xal qazanıb.




Şərh əlavə et