Xəbəri Kokpitdə Oxuyun!

Mersedes AMG-dən elektrikli model

Mercedes-AMG GT 4-Door Coupe: 1169 at qüvvəli elektrikli superfastbək təqdim edilib.

Dizayn və aerodinamika

Mercedes-AMG GT 4-Door Coupe yeni nəsil AMG.EA elektrik platforması üzərində qurulub və brendin gələcək yüksək performanslı elektromobillərinin istiqamətini göstərir.

Model ön hissədə şaquli çubuqlu iri radiator barmaqlığı, üçşüalı ulduz formasında gündüz hərəkət işıqları və alçaq, aqressiv siluet ilə seçilir. Arxa hissədə isə LED lent, qara oval panel və altı dairəvi stop işığı diqqət çəkir.

Avtomobilin aerodinamikası üzərində xüsusi işlənib. Aktiv arxa spoyler, aktiv jalüzilər və idman diffuzoru Aerokinetics sisteminin tərkibinə daxildir. Nəticədə hava müqaviməti əmsalı cəmi 0,22 təşkil edir.

Ölçülər

Elektrik fastbəkinin uzunluğu 5094 mm, eni 1959 mm, hündürlüyü isə 1411 mm-dir. Təkər bazası 3040 mm təşkil edir.

Standart olaraq 19–21 düymlük disklər təklif edilir. Opsional aerodinamik disklər və xüsusi şinlər yürüş ehtiyatını müvafiq olaraq 14 və 30 kilometr artırmağa imkan verir.

İnteryer və komfort

Salon Mercedes-Benz-in müasir dizayn xəttini davam etdirsə də, daha çox sürücüyönlü quruluşa malikdir.

Standart təchizata 10,25 düymlük rəqəmsal cihazlar paneli və 14 düymlük MBUX Zero Layer multimedia ekranı daxildir. Ön sərnişin üçün ayrıca 14 düymlük ekran, OLED düyməli AMG sükanı və AMG Race Engineer idarəetmə elementləri də mövcuddur.

İnteryerdə dəri, alkantara və karbon lifindən geniş istifadə olunub. İki hissəli Sky Control panoram damı qaralma funksiyasına malikdir.

Əlavə ödəniş müqabilində AMG Performance oturacaqları, üçyerlik arxa divan, Burmester High-End 4D audio sistemi və Manufaktur fərdiləşdirmə paketləri sifariş etmək mümkündür.

Multimedia və texnologiyalar

 

MBUX sistemi süni intellekt əsaslı səs köməkçisi və inteqrasiya olunmuş tətbiqlər mağazası ilə təchiz edilib.

Sistem telemetriya məlumatlarını izləyə, dövrə vaxtlarını qeydə ala, yarış videoları çəkə və məşhur traslarda optimal trayektoriyalar barədə məsləhətlər verə bilir. Nürburqrinq və Spa-Frankorşam traslarının məlumatları əvvəlcədən sistemə yüklənib.

Şassi və idarəetmə

AMG GT 4-Door Coupe çoxqollu AMG Active Ride Control pnevmoasqısı ilə təchiz olunub. Sistem yarı aktiv hidravlik stabilizasiya texnologiyası sayəsində döngələrdə kuzovun əyilməsini minimuma endirir.

Model həmçinin arxa təkərlərin 6 dərəcəyədək dönə bildiyi tam idarəolunan şassiyə malikdir.

Sürücü Comfort, Sport, Race, Slippery, Eco, Individual və AMG Force S+ daxil olmaqla yeddi hərəkət rejimindən istifadə edə bilər.

Elektrik mühərrikləri

Avtomobil Britaniyanın Yasa şirkəti tərəfindən hazırlanmış üç aksial tipli elektrik mühərriki ilə təchiz olunub.

Ön oxda bir, arxa oxda isə iki mühərrik yerləşir. Ön modul əsasən sürətli startlar və regenerativ əyləcləmə zamanı aktivləşir.

Performans

AMG GT 55

  • Güc: 816 a.g.
  • Fırlanma anı: 1800 Nm
  • 0-100 km/saat: 2,5 saniyə
  • 0-200 km/saat: 8,7 saniyə

AMG GT 63

  • Güc: 1169 a.g.
  • Fırlanma anı: 2000 Nm
  • 0-100 km/saat: 2,1 saniyə
  • 0-200 km/saat: 6,4 saniyə

Hər iki versiyanın çəkisi 2460 kiloqramdır. Driver’s Package paketi ilə maksimal sürət 300 km/saata çatdırılır.

Batareya və enerji sistemi

Model 106 kVt/saat tutumlu nikel-kobalt-manqan-alüminium (NCMA) batareyası ilə təchiz olunur.

Batareya 18 moduldan və 2660 silindrik elementdən ibarətdir. Mercedes onun hazırlanmasında avtoidman texnologiyalarından istifadə edildiyini bildirir.

Şarj və yürüş ehtiyatı

800 voltluq elektrik arxitekturası sayəsində batareya 600 kVt gücündə ultra-sürətli şarjı dəstəkləyir.

  • 10%-dən 80%-ə qədər doldurulma: 11 dəqiqə
  • 10 dəqiqəlik şarjla əlavə yürüş: 460 km

WLTP standartına görə:

  • AMG GT 55 – 770 km
  • AMG GT 63 – 696 km

İstehsal və qiymət

Mercedes-AMG GT 4-Door Coupe modelinin istehsalına bu yay Almaniyanın Zindelfingen şəhərində başlanacaq.

Şirkət hələlik qiymətləri açıqlamayıb. Lakin əsas rəqibləri olan Porsche Taycan və Audi e-tron GT modellərinin qiymətlərinin 100 min avrodan başladığını nəzərə alsaq, yeni AMG elektromobilinin də oxşar qiymət seqmentində yer alacağı gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et