2025-ci ildə on komandaya ümumilikdə 1,4 milyard dollar ödənilib və bu da əvvəlki illə müqayisədə 134 milyon dollar çoxdur. Komandaların dəqiq aldığı məbləğ Razılaşma Müqaviləsinin şərtlərinə əsasən gizli saxlanılır. Hesab olunur ki, məbləğin 5 faizi bütün dünya çempionatlarında iştirakına görə Ferrari-yə “tarixi bonus” kimi ödənilir.
Bundan əlavə, mükafatların hesablanmasında son on mövsümdə ən yaxşı üç komandanın nəticələrinə əsaslanan “uğur matrisi” də nəzərə alınır. Məsələn, bu sistem 2015-ci ildə Mühəndislər Kubokunda üçüncü yerə görə Williams-a ötən il əlavə 4,7 milyon dollar qazandırıb. Williams 2015-dən sonra ilk üçlükdə yer almadığı üçün 2026-cı ildən bu əlavə ödənişləri itirəcək.
“Tarixi bonus” və “uğur matrisi” bölüşdürüldükdən sonra qalan 1,05 milyard dollarlıq baza fond 2024-cü il mövsümünün nəticələrinə uyğun olaraq on komanda arasında paylanıb. Ən böyük payı 14 faizlə 2024-cü ildə Konstruktorlar Kubokunu qazanan McLaren əldə edib.
2020-ci ildə üçüncü yerə görə “uğur matrisi” bonusu da daxil olmaqla, McLaren-in 2025-ci ildə ümumi gəliri 165,8 milyon dollar təşkil edib. Bu göstərici ilə Uokinq təmsilçisi Ferrari, Mercedes və Red Bull Racing komandalarından geri qalaraq dördüncü olub.
Ferrari 277,7 milyon dollar əldə edib və bu məbləğin əhəmiyyətli hissəsi müxtəlif bonusların payına düşüb. Mercedes 230,8 milyon dollar qazanıb, bunun təxminən 112 milyon dolları 2010-cu illərin ikinci yarısındakı dominant çıxışlara görə verilib. Red Bull Racing isə 202,9 milyon dollar alıb.
| # | Komanda | Mükafat |
| 1 | Ferrari | $277,7 mln |
| 2 | Mercedes | $230,8 mln |
| 3 | Red Bull | $202,9 mln |
| 4 | McLaren | $165,8 mln |
| 5 | Aston Martin | $109,3 mln |
| 6 | Alpine | $109,3 mln |
| 7 | Haas | $91,5 mln |
| 8 | Racing Bulls | $82 mln |
| 9 | Williams | $77,2 mln |
| 10 | Sauber | $63,1 mln |




Şərh əlavə et