Xəbəri Kokpitdə Oxuyun!

Cadillac tənqidlərə tuş gəlib

Tanınmış britaniyalı jurnalist Vill Bakston “Up to Speed” podkastında Cadillac Formula 1 Team-in seçdiyi strategiyanı tənqid edib.

Kokpit.az xatırladır ki, Cadillac Formula 1-ə 11-ci komanda kimi qoşulub və artıq 1 milyard dollardan çox pul xərcləyib. Amerika təmsilçisinin necə performans göstərəyi isə hələ də sual işarəsidir.

Vill Bakston: “Miqyası təsəvvür edin. Onlar hələ bir yarış dövrəsi belə keçməyiblər, amma artıq bir milyard dollar xərcləyiblər. Sadəcə iştirakçılar sırasında yer almaq üçün qoşulma haqqına və komandanın qurulmasına bu qədər böyük vəsait yatırılıb.

Üstəlik, onların titul sponsoru yoxdur. Bu, yalnız Cadillac və General Motors üçün deyil, həm də TWG Global, Den Touriss və komandanın arxasında dayanan bütün qrup üçün ciddi maliyyə öhdəliyidir.

Komandanın qərargahı Fişersdə, istehsal gücləri Şarlottada, baza isə Silverstoundadır. Maraqlıdır, onlar bu şəkildə nə qədər davam gətirə biləcəklər? Üç fərqli lokasiyanın olması heç bir komanda üçün optimal strategiya deyil, xüsusilə də tamamilə yeni bir komanda üçün.

Cadillac-ın özünü Amerika komandası kimi necə göstərəcəyi ilə bağlı iki ayrı problem var. Birincisi, Amerika yanaşmasıdır – fasiləsiz işləmək. Sən işləyirsən, işləməyə davam edirsən, ta ki taqətdən düşənə qədər. Ailə? Hansı ailə? Sən işləyirsən. Amma Formula 1 mentaliteti də var: xoşuna gəlmirsə, başqa iş tap. Sənin yerinə daha gənc və daha ucuz birini taparıq.

Vaxt fərqini də nəzərə almaq lazımdır. Böyük Britaniyadasansa, bütün gün işləyirsən. Sonra demək olar ki, bütün gecəni də işləməlisən, çünki Amerikada gün yeni başlayır. Nəticədə üç saat yatırsan, halbuki mövsüm hələ başlamayıb”.

Bakstonun fikrincə, layihənin maliyyə və təşkilati yükü olduqca böyükdür və belə modelin uzunmüddətli perspektivdə nə dərəcədə davamlı olacağı açıq sual olaraq qalır.

Rauf Hacıyev

Şərh əlavə et