Xəbəri Kokpitdə Oxuyun!

Samsung Galaxy S26 Ultra üzə çıxıb

Samsung Galaxy S26 Ultra cihazı bənövşəyi rəng ilə ilk dəfə üzə çıxıb. Beləliklə telefonun dizaynı rəsmiləşib.

Samsung-un Unpacked 2026 tədbiri yaxınlaşır, lakin Galaxy S26 Ultra modeli ilk dəfə bənövşəyi rəng variantında ortaya çıxıb. Paylaşılan görüntülərdən birinin rəsmi təqdimat materialı olduğu bildirilib və bununla da cihazın dizaynı faktiki olaraq təsdiqlənib.

Samsung-un Galaxy S26 seriyasını təqdim etməsinə artıq bir neçə həftə qalıb. Yaxın vaxtlarda sızdırılan dəvətə əsasən Galaxy S26, S26 Plus və S26 Ultra modelləri 25 fevralda təqdim olunacaq. Seriyanın flaqmanı olan S26 Ultra ilə bağlı maraq isə gündən-günə artır. Daha əvvəl yayılan renderlərdən sonra indi rəsmi tanıtım görüntüsü ilə telefonun son görünüşü üzə çıxıb və model ilk dəfə bənövşəyi rəngdə nümayiş etdirilib.

Galaxy S26 Ultra dizaynı və gözlənilən xüsusiyyətləri

Kamera bölməsində bir sıra dəyişikliklər edilib. Əvvəl müzakirələrə səbəb olan qalın halqalarla əhatələnmiş linza dizaynı artıq aradan qalxıb. Onun yerinə birləşdirilmiş kamera modulu geri qayıdıb və daha yaxından baxıldıqda üçqatlı dizayna malik olduğu görünür.

3 qat optik böyütməli telefoto obyektiv və LED fləş də daxil olmaqla digər sensorlar kamera modulunun sağ hissəsində yerləşdirilib.

Korpusda da nəzərəçarpacaq yeniliklər aparılıb — kənarlar xeyli dairəviləşdirilib və cihaz Galaxy Note xəttinin sərt dizaynından daha da uzaqlaşıb. Əvvəlki Note modellərindən qalan yeganə element isə S Pen qələmi olub.

Galaxy S26 Ultra-nın 7,9 mm qalınlığa sahib olduğu, yan profil görüntülərinin isə onu 8,2 mm qalınlığındakı Galaxy S25 Ultra ilə müqayisədə vizual fərqin minimal olduğunu göstərdiyi bildirilib. Bununla yanaşı, cihazın hündürlük və en baxımından bir qədər böyüdüyü qeyd olunub. Titan materialın isə bu dəfə korpusda istifadə edilməyəcəyi ehtimal edilir.

Sızan məlumatlara görə Galaxy S26 Ultra:

  • Snapdragon 8 Elite Gen 5 prosessoru
  • 5000 mAh batareya (əks simsiz şarj dəstəyi ilə)
  • Dördlü arxa kamera sistemi — 200 MP əsas sensor, 50 MP ultra geniş bucaq, 5x və 3x telefoto obyektivlər
  • 12 MP ön kamera
  • 6,9 düymlük QHD+ Dynamic AMOLED ekran
  • Android 16 əsaslı One UI 8.5 interfeysi ilə təqdim oluna bilər.

Rauf Hacıyev

Şərh əlavə et