Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Serrada günah yoxdur

Ferrari komandasının rəhbəri Frederik Vassyör zəif performansa görə komandaya gələn yeni işçiləri qınamır.

Kokpit.az xatırladır ki, Ferrari mövsümə zəif başlayıb və ilk 6 yarışda sadəcə 1 dəfə podiuma yüksələ bilib.

Frederik Vassyör: “Loik altı ay əvvəl Maranelloya gələndə indiki maşının 90 faizi hazır idi. Əlbəttə, bəzi hissələr fərqli komandalarla təkmilləşir, amma ağırlıq paylanması, təkər bazası və ümumi dizayn fəlsəfəsi kimi təməl qərarlar əvvəldən alınmışdı. Bu hal sadəcə Ferrari üçün yox, texniki heyəti dəyişən istənilən komanda üçün keçərlidir”.

Frederik Vassyörün bu açıqlaması göstərir ki, Serrada günah yoxdur. Serra bu layihəyə sonradan gəlib və maşını əvvəlki texniki direktor Enrike Kardilenin komandası dizayn edib. Lakin Kardile Ferrari-dən keçən ilin iyul ayında ayrılmışdı.

Frederik Vassyör: “Hazırkı heyətimizin 95 faizi 2023, 2024 və 2025-ci il layihələrində işləyiblər. Əgər bir layihəfə problemlər varsa, bu birbaşa komandanın bacarıqsız olduğunu göstərmir. Komandamıza güvənirəm. Bilirik ki, inkişaf etməliyik və bu, avtoidmanın genetikasında var. Birinci olsanız belə, inkişaf etməsəniz, rəqibləriniz sizi keçər.

Bu mövsüm isə maşında bəzi səhvlər etdik. Daha yaxşı iş görməli idik. Lakin motivasiyamız yerindədir. Doğru zehniyyətə sahibik və sadəcə inkişaf etməli, eyni zamanda poblemləri yoluna qoymalıyıq.

Yarışlarda maşının potensialını tam istifadə edə bilmirik. Belə davam etdiyimiz müddətdə əlimizdəki layihənin nəyə qadir olduğunu deyə bilmərəm”.

Rauf Hacıyev

Şərh əlavə et