Kokpit.az bildirir ki, “gümüşü oxlar”ın İmolaya yeniliklər gətirəcəyi gözlənilirdi. Bolidə üç önəmli müdaxilə olub: Ön qanad dizaynı dəyişdirilib, ön asılqanda diqqəti cəlb edən detallar var və motor qapağındakı havalandırma sistemi yenilənib.
İlk olaraq ön qanad yenilənib. Yeni versiyada ikinci qanad detalı daha geniş quruluşa sahibdir. Son iki kiçik flap isə çox nazikdir. Bu yeniliklərin ön tərəfdə asfaltayatma qüvvəsini daha balanslı etməsi gözlənilir.
Ancaq yeniliklər arasında ən maraqlısı ön asılqandır. Ön asılqanın üst üçbucaq qolunun şassiyə bağlandığı yerdə örtük artıq daha gözəbatan aerodinamik profil daşıyır. Bu bölgədəki örtük yuxarıya doğru iynələşən bir qanada bənzəyir.
Bu həmlənin hesabına bolidin gövdəsinə doğru gedən hava axımını daha yaxşı idarə ediləcək. Eyni zamanda ön asılqandakı karbon fiber örtüklər yenidən dizayn edilib. Bu yenilik əslində ilk dəfə Mercedes-də istifadə olunmur. Ferrari komandası SF-25-də eyni dizayndan istifadə edir.
Mercedes aerodinamik faydanı artırmaq üçün motor qapağında da dəyişiklik edib. Yeni qapaq dizaynı istiliyə nəzarət üçün çox vacibdir. İmoladakı isti havaya görə təkmilləşdirilən havalandırma kanalları isə bolidi daha yaxşı soyudaraq performansı artırmağı hədəfləyir.
Mercedes komandasl 6 yarışdan sonra lider McLaren-dən 105 xal geridə qalaraq, ikinci yerdə qərarlaşıb. “Gümüşü oxlar” yeniliklər hesabına McLaren-ə yaxınlaşmağı hədəfləyir.
Şərh əlavə et