Xəbəri Kokpitdə Oxuyun!

McLaren Avropaya yüksək əhvalla başlayır

McLaren komandası Avropa mövsümünün ilk yarışına qələbə üçün gedir.

Kokpit.az xatırladır ki, McLaren komandası mövsümün ilk 6 yarışının 5-də qalib gəlib və çempionata inamla liderlik edir. “Narıncılar”ın sürücüləri Oskar Piastri 131 xalla çempionatda liderdir. Lando Norris isə 116 xalla onu izləyir.

McLaren komandasının rəhbəri Andrea Stella: “Mayamidə bizim üçün uğurlu keçən yarışdan sonra üçyarışlıq yeni bir seriyanın ilki olan İmolaya gedirik.

Emiliya Romanya Qran Prisi həmişə böyük tədbir olub. Entso və Dino Ferrari-nin adını daşıyan bu tras sürətli və yavaş döngələrin sintezidir. Bu da həm mühəndislər, həm də sürücülər üçün ciddi imtahandır.

Mövsümün startı çox gərgin idi. Bütün komandaya yenə də təşəkkür etmək istəyirəm. İmola həftəsonunu səbirsizliklə gözləyirik”.

Çempionatın lideri Oskar Piastri: “İmolaya ümidlə və inamla gedirəm. Bizi köhnə tərz tras gözləyir. Acque Minerali və Piratella kimi hamının tanıdığı döngələri MCL39 ilə keçmək maraqlı olacaq.

Avropa mövsümünün ilk yarışından əvvəl tamamilə köklənmişəm və Mayamidəki uğurumuzu davam etdirmək istəyirəm”.

Lando Norris də İmoladakı yarışı səbirsizliklə gözləyir: “Avropa mövsümünün ilk yarışı üçün İmolaya getdiyim üçün çox sevincliyəm. Emiliya Romanya Qran Prisi təqvimdəki xüsusi yarışlardan biridir və bu həftəsonunu səbirsizliklə gözləyirəm. Birhəftəlik fasilədə bazaya qayıdaraq qələbəni qeyd etdim və sonra üçyarışlıq seriya üçün hazırlaşmağa başladıq. Doğrudan da çox gözəl idi. Əlimizdə sürətli maşın var və mövsümə qaldığımız yerdən davam etməyə hazıram”.

Rauf Hacıyev

Şərh əlavə et