Apple bildirib ki, iPhone 18 Pro təqdimat tədbiri “Surprise and Shine” adı ilə 9 sentyabr çərşənbə günü keçiriləcək. Apple Park düşərgəsində təşkil olunacaq tədbir Bakı vaxtı ilə 20:00-da başlayacaq.
iPhone 18 Pro Max 9 sentyabrda təqdim ediləcək
Apple-ın sentyabr tədbirində üç yeni iPhone modelinə fokuslanacağı gözlənilir: iPhone 18 Pro, iPhone 18 Pro Max və ilk qatlanan iPhone. Şirkətin ilk qatlanan smartfonunu iPhone Ultra adlandıracağı iddia olunur.
Qatlanan iPhone kitab formasında dizayna və həm xarici, həm də daxili ekrana sahib olacaq. İndiyə qədər yayılan məlumatlara görə, smartfonun yan düyməsində Touch ID, arxa panelində iki kamera və A20 seriyalı çip yerləşəcək. Cihazın qiymətinin isə təxminən 2500 dollara çata biləcəyi gözlənilir.
Daha münasib qiymətli iPhone 18-in sentyabr təqdimatında yer almayacağı gözlənilir. Apple-ın yeni bölünmüş iPhone təqdimat strategiyasının bir hissəsi olaraq standart modeli 2027-ci ilin yazında təqdim edəcəyi bildirilir. iPhone 18e və iPhone Air 2 modellərinin də həmin dövrdə satışa çıxacağı gözlənilir.
Təqdimatda gözlənilən digər cihazlardan biri Apple Watch Series 12-dir. Yeni modeldə keramika korpus seçiminin geri qaytarılacağı iddia olunur. Bundan başqa, daha sürətli prosessor, daha uzun batareya ömrü, sağlamlıq və fitnes funksiyalarında təkmilləşdirmələr, yeni rəng və qayış seçimlərinin təqdim ediləcəyi gözlənilir.
Apple Watch Ultra 4 modelində isə dizayn dəyişikliklərinin olacağı bildirilir. Yeni Apple smart saatlarının daha ağıllı Siri AI və ana ekran quruluşunu yeniləyən watchOS 27 əməliyyat sistemi ilə təqdim ediləcəyi gözlənilir.
Apple-ın yeni AirPods 5 qulaqlığını da məhz bu təqdimat zamanı nümayiş etdirməsi gözlənilir.




Şərh əlavə et