Xəbəri Kokpitdə Oxuyun!

Mayami – Antonellidən ardıcıl üçüncü qələbə

Cümə və şənbə günləri hava günəşli olsa da, yarış günü üçün fırtına proqnozu verilmişdi. ABŞ qaydalarına görə, 8 mil radiusda ildırım çaxarsa, yarış dayandırılır. Buna görə start vaxtı üç saat irəli çəkildi ki, yarış fırtına aralığında keçirilsin.

Bazar səhəri yağış yağdı. McLaren Trophy America yarışı ləğv olundu. Formula 2 yağış təkərləri ilə keçirildi. Formula 1 startına qədər isə tras qurudu. Yarış planlaşdırılan 16:00 əvəzinə 13:00-da başladı və quru asfaltda keçirildi.

Pirelli Mayamiyə C3, C4 və C5 tərkiblərini — Hard, Medium və Soft kimi gətirmişdi. Hacar Hard, digərləri isə Medium təkərlərlə start aldı.

Start

Startda Lekler Antonellini keçərək liderliyi aldı. Ferstappen yerində fırlanaraq, doqquzuncu yerə gerilədi. Piastri üç mövqe qazandı.

Kolapinto ilə Həmilton arasında təmas oldu, lakin hər ikisi davam etdi və cəza verilmədi. Hülkenberq ön qanadı dəyişmək üçün pitə girdi. Ferstappen Lousonu keçdi.

2-ci dövrədə ilk onluq: Lekler – Antonelli – Norris – Piastri – Rassell – Həmilton – Kolapinto – Ferstappen – Louson – Elbon.

3-cü dövrədə Rassell Piastrini keçdi. Hacar Peres və Strollu ötərək 16-cı yerə yüksəldi.

4-cü dövrədə Antonelli Lekleri keçdi. 5-ci dövrədə isə Lekler liderliyi geri aldı, ardınca Norris də Antonellini keçdi.

6-cı dövrədə Hacar 14-cü döngədə baryerə toxunaraq qəza etdi. Eyni anda Qasli Lousonla təmasdan sonra qəza edərək yarışı dayandırdı. Təhlükəsizlik maşını trasa çıxdı.

7-ci dövrədə Ferstappen pit-stop etdi. 9-cu dövrədə Hülkenberq mübarizəni dayandırdı.

12-ci dövrədə restart verildi. Lekler liderliyi qorudu. Piastri Rasselli keçdi. Ferstappen Stroll və Peresi ötərək irəlilədi.

13-cü dövrədə Norris Lekleri keçərək lider oldu və fərq yaratdı. 14-cü dövrədə Antonelli Lekleri keçərək ikinci yerə yüksəldi.

20-ci dövrədə ilk üçlük: Norris – Antonelli – Lekler.

21-ci dövrədə Rassell erkən pit-stop etdi. 22-ci dövrədə Lekler pitə girdi və Rassellin arxasına düşdü.

27-ci dövrədə Ferstappen Həmiltonu keçdi. 28-ci dövrədə Norris və Həmilton pitə gəldi. Həmiltonun pit-stopunda problem yaşandı.

29-cu dövrədə Antonelli Ferstappeni keçərək liderliyə yüksəldi. 30-cu dövrədə Norris də Ferstappeni keçdi.

35-ci dövrədə Piastri Rasselli keçdi.

40-cı dövrədə ilk üçlük: Antonelli – Norris – Ferstappen.

47-ci dövrədə Lekler Ferstappeni keçdi. 49-cu dövrədə Piastri də Ferstappeni ötərək dördüncü yerə yüksəldi.

Son dövrələrdə Rassell ilə Ferstappen arasında təmas oldu, lakin hər ikisi yarışa davam etdi və Rassell önə keçdi.

Son dövrədə Piastri Lekleri keçdi. Lekler yerində fırlanaraq baryerə dəydi və mövqelər itirdi.

Finiş

Kimi Antonelli Mayami Qran Prisinin qalibi oldu. Bu, onun karyerasında üçüncü və ardıcıl üçüncü qələbəsidir.

Lando Norris ikinci oldu, Oskar Piastri isə üçüncü yeri tutdu.

Yarışdan sonra Şarl Lekler tras limitlərini aşdığına görə 20 saniyə cərimə aldı.

Franko Kolapinto yeddinci yeri tutaraq karyerasının ən yaxşı nəticəsini göstərdi.

Williams komandası mövsümdə ilk dəfə iki bolidlə xal qazandı.

Çempionat üç həftədən sonra Kanadada davam edəcək.

Rauf Hacıyev

Şərh əlavə et