Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Hacar diskvalifikasiya olunub

Hacarın Red Bull bolidi Formula 1-in texniki reqlamentinə zidd olduğu əsas gətirilərək Mayami sıralama turlarından diskvalifikasiya edilib.

21 yaşlı pilotun RB22 modeli, sol və sağ altlıq lövhələrinin icazə verilən ölçüləri aşması səbəbilə reqlamentin C3.5.5 maddəsini pozub.

Sıralanma turundan sonra aparılan texniki yoxlamalarda Hacarın bolidinin qaydalara uyğun olmadığı üzə çıxmış, məsələ araşdırmaya göndərilmiş və diskvalifikasiya ehtimalı gündəmə gəlmişdi.

Hacar sıralanma turunu doqquzuncu pillədə başa vurmuşdu, lakin bu qərardan sonra yarışa pit yolundan başlayacaq. Bu dəyişikliklə doqquzuncu yer Alpine komandasının pilotu Pyer Qasliyə keçib.

FIA-nın açıqlamasında belə deyilir: “Hakimlər 6 nömrəli bolidin (Ayzek Hacar) komanda nümayəndələrini dinləyib.

Komanda texniki nümayəndələrin sol və sağ altlıq lövhələrinin ‘RV-FLOOR BOARD’ istinad həcmindən 2 mm kənara çıxdığı barədə qərarına etiraz etməyib.

Bu hal FIA Formula 1 Texniki Reqlamentinin C3.5.5 maddəsinin pozulması kimi qiymətləndirilib və texniki qayda pozuntusu qəbul edildiyinə görə standart sanksiyalar tətbiq olunacaq.

İştirakçılara xatırladılır ki, FIA Beynəlxalq İdman Kodeksinin 15-ci maddəsi və FIA Məhkəmə və İntizam Qaydalarının 5-ci bölməsi çərçivəsində müəyyən olunmuş müddətlər ərzində qərardan apellyasiya şikayəti vermək hüquqları var.

Hakimlərin qərarları FIA-dan müstəqil şəkildə qəbul olunur və yalnız müvafiq qaydalar, təlimatlar və təqdim olunan sübutlar əsasında verilir”.

Bu hadisə Hacar üçün onsuz da çətin keçən həftəsonuna əlavə zərbə olub. Fransız sürücü sprint yarışında da xal qazana bilməmişdi.

Red Bull komandasının rəhbəri Loran Mekis qərardan sonra belə deyib: “Səhv etdik və hakimlərin qərarına hörmətlə yanaşırı. Bu səhvdən heç bir performans üstünlüyü əldə etmək məqsədi güdülməyib və əldə olunmayıb.

Bu hadisədən dərs çıxaracağıq və necə baş verdiyini anlamaq üçün proseslərimizi yenidən nəzərdən keçirəcəyik. Bunun təkrarlanmaması üçün lazımi addımlar atacağıq.

Komanda olaraq Ayzekdən, azarkeşlərimizdən və tərəfdaşlarımızdan üzr istəyirik. Bu gün dərsimizi çətin yolla öyrəndik, lakin yolumuza davam edəcəyik”.

Bu qərarla Red Bull-un Mayamidə güclü nəticə ümidləri əsasən ön sıradan start alacaq Maks Ferstappenə bağlanıb. Dördqat dünya çempionu poul mövqeyində olan Kimi Antonelli ilə ön cərgəni bölüşür.

Rauf Hacıyev

Şərh əlavə et