Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-un bolidi araşdırılır

Red Bull, Mayamidəki sıralama turundan sonra texniki qayda pozuntusu şübhəsi ilə hakimlər tərəfindən izahat verməyə çağırılıb.

Problemin, Ayzek Hacarın bolidində aparılan texniki yoxlamalar zamanı üzə çıxdığı bildirilib. FIA-nın texniki nümayəndəsi Co Bayerin hesabatına görə, fransız pilotun maşınındakı altlıq hissəsində yerləşən detalın icazə verilən ölçülərdən kənara çıxdığı müəyyən olunub.

Hesabatda belə deyilir: “Sol və sağ altlıq lövhələri istinad həcmi olan ‘RV-FLOOR BOARD’ standartından 2 mm kənara çıxır.

Bu hal Formula 1 Texniki Reqlamentinin C3.5.5 maddəsinə uyğun deyil və məsələ qiymətləndirilməsi üçün hakimlərə göndərilib”.

Texniki qayda pozuntularında standart cəzanın diskvalifikasiya olduğu məlumdur və bu səbəbdən Hacarın sıralanma nəticəsini itirmə riski yaranıb. Onun bolidi sıralanma sessiyası zamanı ətraflı yoxlanılan 13 maşından biri olub və pozuntu da məhz bu yoxlamalar zamanı aşkarlanıb.

Red Bull-un Mayamiyə gətirdiyi yeni altlıq dizaynı komandanın bu həftəsonu üçün hazırladığı yeddi yeniləmədən yalnız biri idi. FIA-ya təqdim olunan texniki açıqlamada bu yeniliyin ön altlıq quruluşundakı dəyişiklikləri güc qurğusunun performansı ilə daha yaxşı uyğunlaşdıraraq asfaltayatma qüvvəsini artırmağı hədəflədiyi qeyd olunub.

Digər tərəfdən Maks Ferstappenin bolidi də çəkidən keçirilib, lakin komanda yoldaşınınkı qədər detallı yoxlamaya məruz qalmayıb.

Sıralanma turunu doqquzuncu pillədə başa vuran Hacarın, qayda pozuntusu təsdiqlənəcəyi halda yarışa sonuncu yerdən başlayacağı gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et