Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Külək mane oldu

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, sıralanma turunda ideal dövrə vurmaq çətin olub.

Kokpit.az xatırladır ki, monakolu sürücü Mayamidə kvalifikasiyanı üçüncü yerdə başa vurub və bu, onun mövsümdəki ən yaxşı nəticəsi olub. 28 yaşlı sürücü sessiyadan sonra bildirib ki, hər dəfə trasa çıxanda küləyin istiqaməti dəyişdiyi üçün ideal dövrə vurmaq çətin olub.

Şarl Lekler: “Mən maksimum həddə bir dövrə vurdum, amma bu gün sadəcə kifayət qədər sürətli deyildi. Komanda bu mərhələyə ciddi yeniliklər gətirib və onlar bizə kömək etdi. Buna baxmayaraq, hələ də inkişaf etməli olduğumuz sahələr var.

Kvalifikasiya çətin keçdi və hər cəhddə küləyin istiqaməti dəyişirdi. Nəticədə bolidin davranışı qeyri-sabit idi, xüsusilə 11-ci və 12-ci döngələrdə. Bu döngələrdə hər dövrədə fərqli davranış hiss olunurdu, buna görə də sürətli dövrəni “yığmaq” çətin idi. Buna baxmayaraq, üçüncü yer yaxşı start mövqeyidir və mən yarışı səbirsizliklə gözləyirəm.

Proqnoza görə bizi yaş trasda yarış gözləyir. İndi əsas sual yağışın nə qədər güclü olacağıdır”.

Rauf Hacıyev

Şərh əlavə et