Niderlandlı sürücü Mayamidə kvalifikasiyanı ikinci yerdə başa vurub və poul qazanan Kimi Antonelliyə 0.2 saniyədən daha az uduzub. Dördqat dünya çempionu qələbə şansları ilə bağlı sualdan yayınsa da, yeniliklər sayəsində bolidin açıq şəkildə yaxşılaşdığını bildirib.
Onun Red Bull komandası üzrə yoldaşı Ayzek Hacar doqquzuncu nəticəni göstərib və liderdən təxminən bir saniyə geri qalıb.
Maks Ferstappen: “Əvvəlki mərhələlərdə bolid o qədər də yaxşı deyildi və optimal sazlamanı tapa bilmirdim. Amma son bir neçə həftədə komanda maksimum çalışdı, yeniliklər hazırladı və indi sükan arxasında özümü xeyli rahat hiss edirəm. Bolid də yaxşılaşıb.
Gördüyümüz iş öz bəhrəsini verdi. Özümü daha rahat hiss edirəm və daha aqressiv hücum edə bilirəm. Yeniliklər işləyir, ancaq buna baxmayaraq, ön sıradan start almaq həftəsonundan əvvəl gözləntilərimdən də yuxarı nəticədir.
Əsas məsələ yaxşı start almaqdır. Bu il o qədər də çox uğurlu startım olmayıb, amma bu dəfə hər şeyin yaxşı getməsinə çalışmalıyıq. Üstəlik, yarış günü havanın necə olacağını da unutmayaq.
Sprintdə boş trasda olduğum zaman tempim yaxşı idi. Ancaq bazar günü tam fərqli olacaq”.




Şərh əlavə et