Kokpit.az xatırladır ki, 19 yaşlı sürücü üç tam fərqli trasda ardıcıl üçüncü poulunu qazanıb və bunu artıq sadəcə uğurla izah etmək mümkün deyil. Bu nəticələr Mercedes rəhbərliyinin gənc italiyalı sürücünü seçməkdə nə qədər doğru addım atdığını təsdiqləyir. Yeri gəlmişkən, o, Formula 1-də ilk poulunu da məhz bir il əvvəl Mayamidə sprint kvalifikasiyasında qazanmışdı.
Kimi Antonelli: “Möhtəşəm gündür və yenidən poul qazandığım üçün çox şadam! Gün yaxşı başlamamışdı, çünki sprint istədiyimiz kimi alınmadı, amma geri dönüş edə bildiyimiz üçün çox razıyam. Kvalifikasiya yaxşı keçdi, baxmayaraq ki, finaldakı son cəhd zamanı bir az həyəcanlandım, lakin ilk sürətli dövrəm kifayət qədər yaxşı idi, ona görə də çox məmnunam.
Düzünü desəm, stress çox böyük idi. Sadəcə hamının cəhdlərini tamamlamasını gözləyirdim, ancaq dediyim kimi, ilk cəhdimdə göstərdiyim vaxtın kifayət etməsinə görə çox şadam.
Ümid edirəm ki, sabah yaxşı start alaram və mövqelər itirmədən yarışı davam etdirə bilərəm. Amma biz əlimizdən gələni edəcəyik, maksimum nəticə üçün mübarizə aparacağıq”.




Şərh əlavə et