Kokpit.az bildirir ki, Avstraliya Qran Prisindən əvvəl keçirilən mətbuat konfransında Mercedes-in gənc sürücüsü Kimi Antonelliyə yeni mövsüm üçün hədəfləri barədə sual verilib. 18 yaşlı italyan pilot arzusuna çatdığını, lakin hələ öyrənməli çox şey olduğunu bildirib.
Kimi Antonelli: “Formula 1-ə addım atmaq mənim bütün həyatım boyu arzuladığım bir şey idi. Keçən qış mənim üçün inanılmaz dərəcədə uzun keçdi, lakin nəhayət burada – Melburnda olmaq çox gözəldir.
İlk yarışımı burada keçirəcəyim üçün çox həyəcanlıyam və nəyə nail olacağımızı görmək üçün səbirsizlənirəm”.
Gənc Kimi Antonelli mövsümün açılış yarışı üçün dəqiq hədəf qoymaqdan çəkinib: “Bu həftəsonu üçün özümə konkret hədəf qoymaq çətindir. İlk yarışım olduğu üçün nə gözləyəcəyimi bilmirəm. Özümə çox yüksək hədəflər qoymaq istəmirəm. Vacib olan təmiz həftəsonu keçirmək və özümü təkmilləşdirməkdir”.
Gənc pilot Formula 2-də yarışmağın onun Albert Park trasına öyrəşməsini asanlaşdıracağını düşünür: “Bu trasda daha əvvəl Formula 2-də sürmüşəm və bu mənə üstünlük verəcək. Ən azından trası öyrənməyə vaxt itirməyəcəm. Harada hücum edə biləcəyimi və harada diqqətli sürəcəyimi bilirəm. Keçən ildən əldə etdiyim təcrübə mütləq faydalı olacaq”.
Antonelli etiraf edir ki, 2025-ci il mövsümü onun üçün öyrənmə ili olacaq: “Öyrənməli çox şeyim var, amma düşünürəm ki, yaxşı mövsüm keçirəcəyəm. Hər yarışda əlimdən gələni etməyə çalışacağam, eyni zamanda hər həftə sonu davamlı təkmilləşməyə və yeni şeylər öyrənməyə diqqət yetirəcəyəm. Pilotlar həmişə qalib olmaq istəyirlər. Amma eyni zamanda realist olmalıyam. Mübarizə çox yüksək səviyyədədir və məni necə mövsümün gözlədiyini görmək üçün səbirsizlənirəm. Bildiyim tək şey odur ki, hər həftə sonu əlimdən gələni edəcəyəm. Düşünürəm ki, bu, mənim üçün yaxşı məqsəddir”.
Şərh əlavə et