Xəbəri Kokpitdə Oxuyun!

Avstriya sprintində qələbə Martinin olub

2026-cı il Avstriya Qran Prisinin sprint yarışının qalibi Xorxe Martin olub.

İşıqların sönməsi ilə Red Bull Ring-də 14 dövrədən ibarət sprint yarışı başlayıb.

Xorxe Martin ilk döngədə poul-üstünlüyünü qorumağı bacarsa da, ikinci döngədə Mark Markes xarici trayektoriya ilə etdiyi manevr nəticəsində liderliyə yüksəlib. Qısa müddət sonra Akosta tempini artıraraq Markesi geridə qoyub və liderliyi ələ keçirib.

Tempini itirən Martin ilk dövrənin sonunda yeddinci pilləyə qədər geriləyib.

İkinci dövrədə yarışa üçüncü pillədən başlayan Akosta liderliyini qorumağı bacarıb.

Üçüncü dövrədə Xorxe Martin rəqibi Banyayanı geridə qoyaraq altıncı pilləyə yüksəlib.

Üçüncü dövrənin əvvəlində Martin Oquranı da geridə qoyaraq beşinci pilləyə yüksəlib. Moreyra və Fernandea isə uğursuz starta görə uzun dövrə cəzası alıblar.

Beşinci dövrədə Xorxe Martin Aleks Markesi geridə qoyaraq daha bir pillə qazanıb.

Altıncı dövrədə lider Pedro Akosta ikinci yerdəki Mark Markeslə arasındakı fərqi təxminən 2 saniyəyə çatdırıb. Dördüncü pilləyə qədər yüksələn Xorxe Martin isə Bezzekkini geridə qoyaraq bir pillə də irəliləyib.

Səkkizinci dövrədə tempini qoruyan Martin daxili trayektoriyadan etdiyi manevrlə Mark Markesi geridə qoyaraq ikinci pilləyə yüksəlib.

10-cu dövrədə Pedro Akosta Xorxe Martinlə arasındakı fərqi təxminən 2,5 saniyəyə çatdırıb. Martin isə Mark Markesi arxasında saxlamağı bacarıb. Oqura Aleks Markesi keçərək, beşinci pilləyə yüksəlib. Eyni dövrədə Morbidelli qəza edərək mübarizəni dayandırıb.

11-ci dövrədə lider Pedro Akosta döngədə motosikletinə nəzarəti itirərək ciddi qəza keçirib. Akosta trasa qayıtsa da, 13-cü pilləyə qədər geriləyib. Beləliklə, Xorxe Martin yenidən liderliyə yüksəlib.

Son dövrədə Pedro Akosta boksa qayıdaraq yarışdan çəkilib. Sıralamada başqa dəyişiklik olmayıb və Xorxe Martin finiş xəttini birinci keçərək sprint yarışının qalibi olub.

Rauf Hacıyev

Şərh əlavə et